Logo

9 illik təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır

09.09.2022 10:00 506 baxış
IMG

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan yerləri üzrə ixtisas seçimi sentyabrın 11-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün saat 09:40-a olan məlumata görə, 1954 (Azərbaycan bölməsi - 1901, rus bölməsi - 53) nəfər ixtisas seçimi edib. Kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Kodların ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində təqdim olunub.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Nəşrin elektron versiyasını (PDF formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (http://eservices.dim.gov.az/ejurnal/).

Xəbər lenti