Logo

BŞTİ müdiri əyani tədrisin təşkili ilə tanış olub

04.02.2021 15:32 904 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil müəssisələrində əyani tədris prosesinin təşkili ilə tanış olur.

 

Ənənəvi xarakter alan bu təşəbbüs çərçivəsində İdarə müdiri ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi qaydada tədrisin təşkil olunma vəziyyəti ilə maraqlanır və dərs prosesinin gedişini izləyir.

 

Qeyd edək ki, Bakıda ibtidai siniflərdə əyani təhsil həftədə 3 dəfə, məktəbəhazırlıq  qruplarda isə həftədə 2 dəfə təşkil olunur. Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) və xüsusi məktəblərdə (I-IX siniflərdə) isə əyani tədrisə fevralın 15-dən start verilməsi nəzərdə tutulur. Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin bərpası planlaşdırılır.

 

Məlum olduğu kimi əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.

 

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.

 

Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq.

 

Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018 şagird təhsil alır. Məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub.

Xəbər lenti