Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində “Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib.
İnstitutdan bildirilib ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək layihənin təhsilə olan töhfəsindən danışıb. O, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb. F.Qurbanov qeyd edib ki, tələbələrin belə təlim layihələrində iştirakı onların günümüzün və gələcəyin aktual peşə sahələrinə yönləndirilməsini təşviq edir.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında rəqəmsallaşmanın geniş vüsət aldığı dövrdə ölkəmizdə və dünyada kiberhücumlarla bağlı problemlərin artdığını və kibertəhlükəsizlik sahəsində görülən işlərin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Oksford Universitetinin tələbəsi, layihə təlimçisi Miraqşin Abutalıbov yeniliklərdən söz açıb. O qeyd edib ki, bu sahədə mütəxəssislərin yetişdirilməsi müvafiq qlobal şirkətlərin ölkəmizə axınını sürətləndirir.
Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Kibertəhlükəsizlik” təlim layihəsinə 2019-cu il dekabrın 6-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Təhsil İnstitutu tərəfindən start verilib. Təlim layihəsinin məqsədi universitetlərin müvafiq və əlaqəli istiqamətlər üzrə təhsil alan tələbələrinə kibertəhlükəsizliyin texnoloji aspektlərini nəzəri və praktiki cəhətdən öyrətmək olub.