Dekabrın 25-də İsrailin Hayfa şəhərində görkəmli Azərbaycan bəstəkarı, simfonik muğam janrının banisi Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Tehsil.biz xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşdiriləcək konsertin proqramına Fikrət Əmirovin bəstəkar Elmira Nəzirova ilə birlikdə bəstələdiyi “Ərəb mövzusunda fortepiano və simfonik orkestr üçün konsert” əsərinin daxil edilməsi də nəzərdə tutulub.
Hayfa simfonik orkestrinin təqdim edəcəyi konserti Azərbaycanın xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov idarə edicək.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi olan Fikrət Əmirova həsr olunmuş konsertlər keçirilir. Korifey sənətkarımızın 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına da daxil edilib.
Azərbaycan bəstəkarı, pianoçusu, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Elmira Nəzirova isə uzun illər Hayfa şəhərində yaşayıb və 2014-cü il yanvarın 23-də vəfat edib.