Sentyabrın 12-də Təhsil Tələbə Krediti Fondu ötən tədris ili üzrə statistik hesabatı açıqlayıb.
Tehsil.biz xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları iştirak ediblər.
Mərasimdə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, bu, Fondun Milli Məclisin deputatları ilə üçüncü görüşüdür.
Məlumat verilib ki, 2021-ci tədris ilində ümumi müraciət sayı 10 min 597 olub. Onlardan 7962-si müraciətini yekunlaşdırıb. Natamam müraciətlərin sayı 2635-dir.
Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə təhsil müəssisəsində əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilməz. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.