Sentyabrın 12-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov, Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb və yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov çıxış edərək ötən tədris ilində Şəki rayonunda əldə edilən nailiyyətləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev əvvəlcə 2022-2026-cı illər üzrə təhsil strategiyasının məzmunu ilə bağlı konfrans iştirakçılarına məlumat verib. Daha sonra Elnur Əliyev Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2021-2022-ci il tədris ili üçün göstəricilərinə dair statistik məlumatları iştirakçıların diqqətinə çatdırılıb, növbəti illərdə qarşıda duran ən vacib məsələlər və müəyyən olunmuş hədəfləri qeyd edib.
Konfransın sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.
***
Sentyabrın 12-də Şirvan-Salyan Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə də təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli konfransın işinə uğurlar arzulayıb.
Sonra Elm və Təhsil Nazirliyinin sektor müdiri İlahə Rəsulova çıxış edərək ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunan İlahə Rəsulova təhsil işçilərinə uğurlar arzulayıb.
Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.
***
Sentyabrın 12-də Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə də təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron, Sumqayıt və Xızı üzrə təhsil işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən sektor müdiri Anar Mirzəzadə ötən tədris ilində baş verən və yadda qalan mühüm struktur dəyişikliklərindən söz açıb. Anar Mirzəzadə təhsilverənlərin sertifikatlaşdırılması prosesini xüsusi vurğulayib və statistik göstəriciləri diqqətə çatdırıb. Sektor müdiri qeyd edilən region üzrə uğurlu təhsil ənənəsinin olduğunu vurğulayıb və yeni tədris ilində də bu ənənənin davam etdiriləcəyinə inandığını bildirib.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva hesabat məruzəsi ilə çıxış edib. İlhamə Abdullayeva ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və həllini gözləyən məsələlərdən bəhs edib.
Sonda konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.