Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2022-2023-cü tədris ilində Elmi şuranın ilk iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, iclası ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, bu ilin universitet üçün əhəmiyyətindən danışıb. 2023-cü ildə universitetin 100 illik yubileyinin qeyd ediləcəyini bildirib.
Rektor bu il yubileyləri olan müəllimlər - professor Sevda Teymurova, ADMİU-nun dosenti, Əməkdar artist Yaqut Abdullayeva və müəllim Dilarə Hüseynovanı kollektiv adından təbrik edərək, onlara cansağlığı və uğurlar arzulayıb.
Ceyran Mahmudova 100 illik yubiley ərəfəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin universitetlə bağlı qərarının ali məktəb üçün həm sevincli, həm də məsuliyyətli olduğunu bildirib. Nazirlər Kabinetinin 2022-ci il tarixli 12 avqust Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkili ilə bağlı qərarına əsasən 2022-2023-cü tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr haqqında məlumat verib.
Yeni yaradılan Tədrisin təşkili və keyfiyyətin təminatı departamentinin müdiri Nizami Əsədov təqdimatla çıxış edib.
İclasda, həmçinin yeni tədris ilinə hazırlığın vəziyyəti və dərs yükünün təsdiqi, 2022-2023-cü tədris ili üçün bakalavriat və magistratura pillələrinə tələbə qəbulunun nəticələri, yay semestrinin keçirilməsinin nəticələri, ADMİU-da fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri, eləcə də cari məsələlər müzakirə edilib.