Logo

Bakıda tarixi abidəyə müdaxilə edənlər cərimələndi

13.09.2022 21:17 337 baxış
IMG

Bakının Qoqol küçəsində yerləşən XIX əsrə aid tarixi abidənin fasadına müdaxilələr olunması məsələsini Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarətə götürüb.

Tehsil.biz xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

“Sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur”, - Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, tarixi abidəyə edilən hər hansısa bir müdaxilə mütləq şəkildə Dövlət Xidmətinin rəyi əsasında olmalıdır: “Tarixi abidələrin restorana çevrilməsində qəbahət yoxdur. Çünki bu cür abidələr müəyyən icazələrdən sonra sahibkarlıq fəaliyyəti səbəbi ilə istifadə edilə bilər. Lakin burada birinci şərt abidənin ümumi tarixiliyinə zərər verilməməsidir. Olsa belə, bu, birbaşa Dövlət Xidmətinin mütəxəssislərinin rəyi və iştirakı ilə həyata keçirilə bilər”.

Sektor müdiri sözügedən binaya edilən qanunsuz müdaxilənin aktlaşdırıldığını deyib: “Sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur. Odur ki Dövlət Xidməti məsələni aktlaşdırıb, cərimələr müəyyən olunub. Məsələnin bundan sonrakı vəziyyəti də diqqətimizdədir. Binanın əvvəlki halının bərpasına nəzarət ediləcək”.

Qeyd edək ki, tarixi abidəyə edilən müdaxiləni dünən memar Elçin Əliyev öz sosial şəbəkə hesabında yaymışdı.

Xəbər lenti