Sentyabrın 13-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Fuad Bədəlov, Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan rayonları üzrə təhsil işçiləri iştirak ediblər.
Elm və Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2021-2022-ci tədris ili üçün statistik göstəricilərini iştirakçıların diqqətinə çatdırıb, növbəti illərdə qarşıda duran ən vacib məsələləri, müəyyən olunmuş hədəfləri qeyd edib.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, 2022-2023-cü tədris ilində qarşıda duran əsas məsələlərdən bəhs edib.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
***
Şöbə müdiri Vəfa Yaqublu Mil-Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin də sentyabr konfransında iştirak edib.
Konfransda Vəfa Yaqublu ilə yanaşı Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin tabeliyində olan təhsil sektorlarının rəhbər və əməkdaşları, ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev giriş nitqi ilə çıxış edərək 2022-2023-cü tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. 2021-2022-ci tədris ilindəki uğurlardan və mövcud problemlərin həlli ilə bağlı görüləcək işlərdən danışıb.
Vəfa Yaqublu öz növbəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na istinad edərək müəyyənləşdirilmiş 4 strateji məqsəd və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Şöbə müdiri yeni dərs ilində ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması, şagirdlərə rəqəmsal biliklərin aşılanması və digər istiqamətlərdə tədbirlərin həyata keçiriləcəyindən danışaraq təhsil işçilərinə uğurlar arzulayıb.
Sonda konfransda təqdim olunan mövzularla bağlı iştirakçıların çoxsaylı suallarına cavab verilib.
***
Sentyabrın 13-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə də təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Elnur Əliyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonunda çalışan təhsil işçiləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev konfransın işinə uğurlar arzulayıb.
Sonra Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Elnur Əliyev çıxış edərək ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunan Elnur Əliyev təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.
***
Sentyabrın 13-də Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə təhsil sektorunun əməkdaşları və həmin rayonlarda çalışan ümumi təhsil müəsissələrinin direktorları iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Lənkəran Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov konfransın işinə uğurlar arzulayıb.
Sonra Elm və Təhsil Nazirliyinin sektor müdiri İlahə Rəsulova çıxış edərək ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunan İlahə Rəsulova təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.
***
Sentyabrın 13-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə qeyd edilən bölgələr üzrə 2021-2022-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən hesabatla çıxış edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", 2021-2022-ci tədris ilində baş verən əsas hadisələr, şagird nailiyyətləri (IX, XI sinif buraxılış və IV sinif monitorinq imtahan nəticələri), Respublika fənn olimpiadalarında illər üzrə göstərilən nəticələr, "Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant Müsabiqələrinin nəticələri" və növbəti tədris ilində gözlənilən yeniliklər və digər mövzularda danışıb.
Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev çıxış edərək yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, tədrisin və təlim nəticələrinin yaxşılaşdırılması məqsədilə hazırlanmış layihələr və onların tətbiqi istiqamətlərindən danışıb.
Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.