2022-ci ilin 5-10 sentyabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) tərəfdaşlıq etdiyi “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar (GEOCLIC)” adlı Erasmus+ layihəsi çərçivəsində Rumıniyanın Konstanta Maritime Universitetində (KMU) keçirilmiş təlimlərdə təmsil olunub.
Tehsil.biz xəbər verir ki, təlimlərdə MDU-nun beynəlxalq əməkdaşlıq ofisinin mütəxəssisi, layihənin universitet üzrə koordinatoru Sənan Mehdi, Fizika və ekologiya kafedrasının müəllimləri Aytac Cavadova və Leyla Əhmədova iştirak edib.
Altı gün davam edən təlimlər layihə tərəfdaşları arasında əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, tədris metodlarının inkişaf etdirilməsi, laboratoriya şəraitində iş bacarıqlarının artırılması, xüsusi cihazların iş prinsipi ilə tanışlığın həyata keçirilməsi məqsədi daşıyıb.
Təlimlərin sonunda MDU əməkdaşları müvafiq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, GEOCLIC layihəsi Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland universitetləri tərəfdaş kimi iştirak edirlər. Beynəlxalq layihənin əsas məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan mühəndisliyi üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Bununla yanaşı, layihə çərçivəsində tərəfdaş universitetlərdə GEOLAB təchizatlı innovasiya laboratoriyalarının və virtual otaqların yaradılması nəzərdə tutulub.