Logo

İnformatikadan tədris vəsaitinin 2-ci hissəsi nəşr olunub

14.09.2022 13:56 440 baxış
IMG

Bakı Dövlət Universitetinin sabiq dosenti, mərhum Ramin Mahmudzadə və İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İsmayıl Calallının müəllifi olduğu “İnformatika. Abituriyent-2023” adlı vəsait bu günlərdə “Bakı” nəşriyyatı tərəfindən nəşr olunub.

İnstitutdan bildirilib ki, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev 2-ci hissəyə yazdığı ön sözdə kitabı abituriyentlər, tələbələr və müəllimlər, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün son dərəcə faydalı tədris qaynağı kimi yüksək qiymətləndirib.

Tədris vəsaitində demək olar ki, bütün mövzular yenidən işlənib, hər mövzuya lazımi əlavələr edilib. Kitabın 1-ci hissəsi 9, 2-ci hissəsi isə 8 bölmədən ibarətdir. Ümumilikdə 2-ci hissədə 51 mövzu (1-ci hissədə 56 mövzu) əhatə olunub. Hər mövzuda verilmiş nəzəri materiallar çoxsaylı nümunələrlə müşayiət olunur. Məsələ həlli tələb edən mövzularda müvafiq həcmdə nümunələr təqdim edilib. Hər mövzunun sonunda mənimsəməni möhkəmləndirmək üçün “Müstəqil qiymətləndirmə tapşırıqları” verilib, hər bölmə isə “Ümumiləşdirici tapşırıqlar” ilə yekunlaşdırılıb.

“Müstəqil qiymətləndirmə tapşırıqları” ilə yanaşı, “Ümumiləşdirici tapşırıqlar”ın da cavablarının vəsaitdə verilməsi bu kitabın dəyərini bir qədər də artırır. Bundan başqa, 1-ci hissədəki “Ümumiləşdirici tapşırıqlar”ın cavablarının ikinci hissənin sonunda verilməsi çox önəmlidir. Hər bölmənin sonuna 3 situasiya tipli orijinal tapşırıq (ümumilikdə 51 tapşırıq) daxil edilib. Bütövlükdə kitabda 106 mövzu üzrə 130 məsələ (həlli ilə), 633 müstəqil qiymətləndirmə tapşırığı verilib.

“İnformatika” fənn kurikulumunun əsas məzmun xətlərindən birinin alqoritmləşdirmə və proqramlaşdırma ilə bağlı olduğunu nəzərə alaraq, kitabda müvafiq bölmələrə daha geniş yer ayrılıb.

“İnformatika. Abituriyent-2023” vəsaiti təkcə qəbul imtahanlarına hazırlaşanlar üçün deyil, ümumtəhsil məktəblərinin V-XI siniflərində informatika fənnini tədris edən müəllimlər üçün də əvəzsiz vəsaitdir. Bundan başqa, kitabdan yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrində informasiya texnologiyalarının əsasları fənnini öyrənən tələbələr də yararlana biləcəklər.

Xəbər lenti