Ali məktəblərlə əlavə yerləşdirmənin qeydiyyatı prosesi sentyabrın 19-da yekunlaşacaq.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcək.
Xatırladaq ki, ali təhsil pilləsinin bakalavr pilləsində boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı sentyabrın 12-dən başlanıb.