Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb və onları tələbə adını qazanmaqları münasibətilə təbrik edib.
Tehsil.biz xəbər verir ki, tədbirdə son günlər ölkəmizə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatlara diqqət çəkilib və bu təxribatların qarşısı alınarkən şəhid olan hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor bildirib ki, törədilən təxribatlar Ermənistan silahlı qüvvələrinin, hərbi-siyasi rəhbərliyinin İkinci Qarabağ müharibəsində düçar olduğu ağır məğlubiyyətdən nəticə çıxarmadığının və bu ölkədə revanşist niyyətlərin mövcudluğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi-siyasi idarəçiliyinə və Ordumuzun yüksək peşəkarlığına diqqət çəkən rektor şəhidlərimizin qisasının dərhal alındığını və düşmənə sarsıdıcı zərbələr vurulduğunu bildirib. Professor Gülçöhrə Məmmədova tələbələri fərdi inkişafları üzərində daha çox çalışmaqla, bilikli, peşəkar mütəxəssis və əsl vətənpərvər Azərbaycan gənci olaraq dövlətimizə xidmət göstərməklə ölkəmizi daim qəsbkar hücumlardan müdafiədə iştiraka çağırıb.
İşğaldan azad olunan ərazilərimizdə sürətlə həyata keçirilən tikinti-quruculuq işlərində iştirak etmək arzusunun gənclərimizdə memarlıq və inşaat sahəsinə olan həvəsi daha da artırmasının, eləcə də universitetdə aparılan islahatların, elmi-texniki yeniliklərin təhsilə səmərəli tətbiqinin AzMİU-ya marağı artırdığını deyən rektor universitetin tarixi haqqında tələbələrə məlumat verib. Qeyd olunub ki, ölkəmizin memarlıq və inşaat sahəsi üzrə yüzillik tədris ənənəsini özündə birləşdirən AzMİU-da mütərəqqi təhsilin tətbiqi üçün beynəlxalq təcrübə dərindən öyrənilir və tətbiq edilir. Məhz buna görə builki qəbul prosesi zamanı I kursa qəbul olmuş tələbələrin ümumi sayında, eləcə də yüksək bal toplamış tələbələrin sayında kifayət qədər artım müşahidə olunur. Təbii ki, bu hal olduqca sevindiricidir və universitetin bütün sahələr üzrə daha da inkişaf etməsinə zəmin yaradır.
AzMİU-nu seçən tələbələrə daha kefiyyətli təhsilin verməsinin bundan sonra da prioritet olacağını qeyd edən rektor tələbələrə universitetin ikili diplom müqavilələri çərçivəsində mübadilə proqramlarına, innovativ və sosial layihələrə, universitetin tələbə təşkilatlarına, ictimai işlərə və müxtəlif könüllülük proqramlarına da qoşulmağı tövsiyə edib.
Görüşdə universitetin prorektoru professor Akif Qasımov AzMİU-da tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı məlumat verib. Bildirilib ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində işlək mexanizm formalaşdırılıb.
Sonda tələbələrə rektor tərəfindən tələbə biletləri, hədiyyələr təqdim edilib.

