Logo

Kamran Əsədov: "Metro açılmalı, xüsusi məktəbli avtobusları təşkil edilməlidir"

05.02.2021 16:02 825 baxış
IMG

"Tədris prosesi bərpa olunandan sonra şagird və müəllimlər arasında daha çox yoluxma halları müşahidə oluna bilər”.

 

Tehsil.biz-in məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşağın koronavirus infeksiyasına yoluxmasından danışarkən deyib. Onun fikrincə, yoluxma sayına təsir edən amil ictimai nəqliyyatdakı sıxlıqdır:

 

"Təhsil müəssisələrində dərs prosesi zamanı şagirdlərin, tələbələrin, müəllimlərin, inzibati və texniki işçi heyətinin, eləcə də valideynlərin və digər ailə üzvlərinin virusa yoluxma riskinin qarşısının alınması əsas vəzifədir. Amma bəzi hallarda bu istiqamətdə boşluqlar var. Fevalın 1-dən etibarən məktəblərdə dərslər bərpa olunandan sonra 630 minə yaxın şagird məktəblərə cəlb olunub. 8 və 15 fevraldan digər pillələr də tədris prosesinə qoşulacaq. Amma hələ də metro işləmir və insanlar sıx halda ictimai nəqliyyatdan istifadə edirlər. Birmənalı şəkildə deyim ki, təhsil müəssisələrinin açılması ölkədəki yoluxma sayına təsir göstərəcək. Bu, əslində narahat olmalı məqam deyil. Bu yolla yoluxmuş şəxslər müəyyənləşib cəmiyyətdən təcrid oluna bilər. Yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı qərar 4,642 təhsil müəssisəsi, 1,969,673 nəfər təhsilalan və 163,218 nəfər təhsilverəni əhatə edəcəkdir. Eyni zamanda, 1,600,000 nəfər təhsilalan və 141,749 nəfər təhsilverən olmaqla, ümumi təhsil pilləsi say etibarilə ən çox təsirə məruz qalan əhali qrupunu əhatə edir. Bu səbəbdən ümumi təhsil məktəblərində uşaqların siniflərdə sıxlığı məsələsi xüsusi olaraq nəzərə alınmalıdır”.

 

Kamran Əsədov qeyd edib ki, metro açılmalı və xüsusi məktəbli avtobusları təşkil edilməlidir:

 

"Bir vacib məqamı qeyd edim ki, ölkə ərazisində fəaliyyət göstərən 77 məktəbdə şagird sayı 2000 və daha artıq, 105 məktəbdə isə 1501-2000 şagird təşkil edir”.

 

Qeyd edək ki, fevralın 1-dən orta məktəblərdə ibtidai siniflər üçün tədris prosesi bərpa olunub. Bu müddət ərzində Bakı Şəhəri üzrə 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası aşkar olunub.

Xəbər lenti