Logo

"5-11-ci sinif şagirdlərinə hərbi məzmunlu biliklər daha çox verilsin" - TƏKLİF

17.09.2022 14:40 517 baxış
IMG

"Vətənə sevgi ailədən, ümumtəhsil məktəblərdən başlayır. Ulu öndər Heydər Əliyev deyib ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir". 

Bunları "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir: "Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Orta məktəb dərsliklərində Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.  Hesab edirəm ki, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin V sinifdən məktəbi qurtarana kimi siniflərində oxuyan şagirdlərə və ali təhsil müəssisələrdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər daha çox verilsin".

Ekspert deyib ki, təkcə tarix və ədəbiyyat dərslərində yox, bütün fənlərdə müəyyən informasiyalar verilməlidir: "Artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Orta məktəb şagirdlərində vətənə, millətə qarşı sevgini oyatmaqda dərsliklərin çox böyük əhəmiyyəti var. Aşağı siniflərdən bütün şagirdlərə vətəni sevmək və onun milli dəyərlərinə hörmət etmək aşılanmalıdır. Yeniyetmələrə bu duyğunu aşılamaqda hər bir fənnin öz yeri var. Rütbələr, silahların növləri haqqında hər bir şagird məlumatlandırılmalıdır. Milli Ordumuzun istifadə etdiyi atıcı silahlarla tanış edilməlidir. Məktəblərə xüsusi olaraq istismardan çıxmış silahlarla  təmin olunması üçün lazımı otaqların olması ilə yanaşı yeniyetmələrə hərbi duyğuları aşılayarkən fənn seçimi edilməməlidir".

K.Əsədov hətta fiziki psixoloji dərslər vasitəsi ilə belə şagirdlərdə milli ruhun artırılmasının lazım olduğunu qeyd edib: "Doğrudur, orta məktəblərdə bu mövzuya daha çox tarix və ədəbiyyat dərsliklərində rast gəlinir. Çünki tarix vasitəsilə şagirdlər öz ölkəsinin uzaq və yaxın tarixini öyrənir.  İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.  Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə tövsiyə edirdi".  

Ekspert hesab edir ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır, çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin: "Keçirilən dərslərdə işğal olunmuş torpaqlarda fədakarlıqla döyüşən Milli Qəhrəmanlarımızı, Qarabağ haqqında uşaqlara Qarabağı tanıtmaq, onun başına gətirilən faciələri aşılamaq lazımdır.  Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar və onu qorumağı özünə borc hesab edər. Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması məsələsi xüsusilə pedoqogikada diqqət edilməlidir. Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Torpaqlarımızın 20 %-nin işğalda olduğu bir vaxtda orta məktəblərdə milli şüur tərbiyəsinin aktual problem olduğunu pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirilir. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Dərsliklər hazırlanarkən bu pronsip nəzərə alınmalıdır". 

Kamran Əsədov vurğulayıb ki, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır: "Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Torpaqlarımızın 20 %-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsinin də yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir. "Cəsurlar", "Şahinlər" kimi oyunların keçirilməsində də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir. Bu cür oyunlar Azərbaycan məktəblərində mütəmadi olaraq təşkil olunur. Bu işdə Təhsil və Gənclər İdman Nazirliklərinin, eyni zamanda bir sıra qeyri hökumət təşkilatlarının iştirakı var. Sözügedən yarışların son zamanlarda kütləviliyinin artırılması diqqətə layiqdir. Keçirilın oyunlarda oğlanlarla yanaşı qızlarında iştirakı təmin edilir ki, bu da işin sevindirici tərəfidir. Hərbi hazırlıq dərslərinin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsi bu işdə əhəmiyyətli rol oynaya bilər. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər. Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyətin də mühüm rol oynayır".

"Fiziki tərbiyə orta ümumtəhsil məktəblərindən başlayaraq tədris edilir. Bu bir həqiqətdir ki, Azərbaycan dövləti sağlam gənc nəsil tərbiyə etməyə lazımi əhəmiyyət verir. Azərbaycanda ibtidai məktəb yaşından başlayaraq uşaqların fiziki tərbiyəsi diqqət mərkəzindədir. Kiçik məktəbyaşlarından başlayaraq şagirdlərin bədəncə möhkəmlənməsinə və hərtərəfli fiziki inkişafına fikir verilir. Orta ümutəhsil məktəblərində fiziki tərbiyə dərsləri keçirilir. Burada 1 milyon şagird iştirak edir. Dərslər tədris ilində həftədə 2 dəfə 45 dəqiqə olmaqla təşkil olunur. Bundan əlavə, məktəblərdə sinifdən və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işləri də təşkil olunur. Məktəblilər idman bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə cəlb olunurlar. Məktəbdə aparılan fiziki tərbiyə tədbirləri uşaqların bədəncə və iradəcə möhkəm olmasına zəmin yaradır. Onlara «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleksinin normativlərini yerinə yetirməsinə kömək göstərir. Orta ümutəhsil məktəbində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. Hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri vardır. Proqram tədris materialları tədricən çətinləşdirilir və ardıcıllıqla öyrədilir. Bu da uşaqların orta məktəbi bitirərkən tam sağlam olmasını, həyata hazırlığını təmin edir", - təhsil eksperti əlavə edib.

Xəbər lenti