Logo

Aysun Əhməd: “Ali təhsilimi Belçika universitetində davam etdirəcəyəm”

17.09.2022 15:15 517 baxış
IMG

İstedadlı gəncin uğur hekayəsi

Teatr və aktyorluq sənəti barədə fikir və mülahizələr həmişə müxtəlif olub. Teatrın kinoyla müqayisədə  tamaşaçıya bir neçə addım yaxın olduğu da danılmaz həqiqətdir. Aktyor öz rolunu  təqdim edərkən səhnədə tamaşaçının nəfəsini hiss edir, onunla birbaşa səssiz-səmirsiz əlaqədə olur. Tamaşaçı alqışları aktyora ruh verən, onun əsil sənətkar kimi yetişməsində bilavasitə iştirakçı olan tərəfdir, - desək yanılmarıq. Böyük sənətkarlar biz səhnədə rol oynamırıq, biz səhnədə yaşayırıq, - deyirlər. Hər rolun, yəni personajın psixoloji durumuna adaptasiya olmaq, sonrasa ondan asanlıqla çıxmaq  aktyorun özü üçün də rahatlıqla  başa gəlmir. Şübhəsiz illərin ona  qazandırdığı  təcrübə, xüsusilə istedadı və bacarığı sayəsində aktyor, necə deyərlər, roldan-rola keçə bilir, əsil sənətin mahiyyətini təqdim edir. Bu gün haqqında söhbət açacağımız  gənc  də  teatr sənətinin sirlərinə həvəslə yiyələnir.

Gimnaziya mənə unudulmaz xatirələr və  çoxlu dostlar qazandırıb

Aysu Əhmədin  17 yaşı var.  O, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının məzunudur  və  burada Teatr şöbəsində təhsil alıb. İstedadlı gənc  seçdiyi  ixtisas üzrə dəfələrlə respublika müsabiqələrinin qalibi olub. Aysu bədii qiraətin sirlərinə daha çox yiyələnib. Söhbət zamanı bu fikri öz dilindən eşitdim. Söylədiyinə görə qiraətin sirlərinə tam yiyələnsin deyə  bu sahəyə daha çox meyil göstərib, əlavə məşğələlərə gedib. Hələ yeniyetmə yaşlarından o, vətən, qəhrəmanlıq mövzularında  yazılan  şeirləri sevə-sevə  əzbərləyib  və irili-xırdalı səhnələrdə təqdim edib.- Mənim həyatımda gimnaziyanın böyük rolu olub, - söyləyir Aysu. Deyir ki, bu məktəbin rəhbərliyi, müəllimlər ictimai həyatımda həmişə mənə dəstək olublar.  Gimnaziya mənə unudulmaz xatirələr və  çoxlu dostlar qazandırıb.

Gərgin zəhmət, davamlı uğurlar

Aysu ilə həmsöhbət olmaq  olduqca xoş və  rahat idi. Gimnaziyanın teatr şöbəsində yaxşı  təhsil aldığı sərbəst danışıq  manerasından  və ünsiyyət qurmaqda heç bir çətinlik çəkmədiyindən hiss olunurdu. Bu məqamda mənim üçün bir əsas  reallıq da  aydın oldu. Sevdiyi peşəyə  sahib olmaq üçün insan canla-başla çalışarsa, demək nəticə ürəkaçan olacaq. Aysunun danışdıqca nümayiş etdirdiyi jestlər, tələffüzündəki qiraətçi ustalığı artıq onun seçdiyi peşəyə sahib  çıxa  bildiyindən xəbər verirdi. Bir danılmaz həqiqət də var ki, bunun da adı zəhmətdir və əziyyət. Buna nail ola bildinsə demək yaşıl işıq sənin arzularını gerçəkləşdirəcək. Bəli o, yalnız zəhməti hesabına bu uğurlara imza ata bilmişdi. Bu barədə  gəlin, elə istedadlı gəncin oz dinlindən eşidək:

Gimnaziyada təhsil aldığım müddətdə bir çox məktəbdənkənar fəaliyyətlə məşgul olmuşam, beynəlxalq tədbirlərə dəvətlər  almışam. İlk dəfə 16 yaşımda Conference on the Future of Europe - YEAs Editionda “İqlim dəyişikliyi” mövzusuna həsr olunan tədbirdə  iştirak etmişəm. Orada ən gənc iştirakçı mən  idim. Bundan başqa Youth Environment Assambly, ECOSOC Youth Forum, The 5th Eastern Partnership Youth Forum, Stockholm+50 (Youth Delegate of AEGEE-Europe/ European Students Forum) və onun tərkibində keçirilən The Science Policy Business Forum 2022-də  istedad və bacarığımı nümayiş etdirmişəm.

Mütaliə etməyi  çox sevirəm

Uşaq yaşlarından çox fəal olmuşam, idmanı hədsiz dərəcədə sevirdim. 8 yaşımdan üzgüçülüklə, 12 yaşımdan isə basketbolla  mütəmadi olaraq məşğulam. Mütaliə etməyi çox sevirəm. Müxtəlif janrlara müraciət edirəm. Homerin, V.Hüqonun, M.Tvenin, Artur Konanın,  Doyl Henry Kissingerin, S.Oruellin, R.Palasionun kitablarını böyük maraqla oxuyuram. Çox fərqli görünsə də  mən bir klassik kitabı oxuyub qurtarandan sonra dərhal  elmi-fantastik kitaba keçid edə bilirəm. Əlavə asudə vaxtım olanda elmi-fantastik filmləri izləməyi də çox sevirəm. Hər zaman yeniliklərə açıq biri olduğumdan internetdə araşdırmalar edərək yeni informasiyalar da toplayıram. Düşünürəm ki, insanlar özlərini limitləyəcək seçimlər etməməli, hər zaman yeniliklərə açıq olmalıdır.

Daim üzərimizdə çalışmalı, irəli addımlamalıyıq

Hansı arzularını gələcəkdə gerçəkləşdirəcəyi ilə bağlı ünvanladığım sualları da Aysun özünəməxsus tərzdə inadkarcasına  cavablandırdı:

- Ali təhsilimi Belçika universitetində davam etdirəcəyimi qərarlaşdırmışam. Eyni zamanda  bir neçə ölkənin ali məktəbinə qəbul imtahanlarında iştirak etdim və qəbul  da olundum, seçimimsə  Belçika universiteti oldu. Çünki bu ölkəyə marağım daha çoxdur. Dövlətimiz tərəfindən   gənclər üçün böyük imkanlar  yaradılır və bu imkanlardan  bəhrələnərək biz də daim öz üzərimizdə çalışmalı, irəli addımlamalıyıq. Bu işıqlı yolda bizə dəstək olan peşəkar müəllimlərimizin və bizə qol-qanad verən, parlaq gələcəyə ruhlandıran valideynlərimizin qarşısında baş əyirəm. Bu iki müqəddəs varlıq gələcəyimizi təmin edən barometrlərdir. Onların ötürdükləri enerji tükənmək bilmədən bizi xoşbəxt gələcəyə ünvanlayacaq.

Sifai SƏFƏROVA

Xəbər lenti