Logo

Bilik, təcrübə və nailiyyətlərin mübadiləsi

17.09.2022 16:14 399 baxış
IMG

Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransı (XXV NASCO)

Elmi konfransın məqsədi nədir?

Elm və təhsil naziri Emin Əmrullayevin 06.07.2022-ci il tarixli F-433 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 23-24 noyabr 2022-ci il tarixlərində doktorant və gənc tədqiqatçıların XXV Respublika elmi konfransının keçirilməsi nəzərdə tutulmuşdur. Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıları elmi yaradıcılığa fəal sürətdə cəlb etmək, apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Elmi konfransın aşağıdakı istiqamətlərdə keçirilməsi planlaşdırılır:

  • * Təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər, aqrar elmlər və s.);
  • * İKT və mühəndislik (elektrik, qazma, robotexnologiya, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.);
  • * Sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.).

Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının materiallarının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas elmi nəticələrinin dərc olunduğu elmi nəşrlər siyahısına daxil edilməsi böyük əhəmiyyət kəsb edir.

XXV Respublika Elmi konfransında (NASCO-da) kimlər iştirak edə bilərlər?

Konfransda Azərbaycanın və xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlardan əlavə olaraq doktorantura və dissertantura təhsilini bitirmiş, müdafiəyə hazırlaşanlar və fəlsəfə doktoru elmi dərəcəsi almış, elmi tədqiqatla məşğul olan gənc alimlər də tezislə iştirak edə bilərlər. Bunu nəzərə alaraq konfransın iki dildə (Azərbaycan və ingilis dillərində) keçirilməsi nəzərdə tutulmuşdur.

Elmi konfransdakı yeniliklər?

Əvvəlki illərdə təşkil olunan konfranslardan fərqli olaraq XXV konfransda Elm komitəsi yaradılmışdır. Təqdim olunan tezislər konfransın elm komitəsinin üzvləri (ehtiyac yarandığı halda müstəqil ekspertlər) tərəfindən gizli dəyərləndirmə metodu tətbiq olunaraq aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəkdir:

  • - təqdim olunan ideyaların orijinallığı;
  • - tədqiqat nəticələrinin əhəmiyyəti/aktuallığı;
  • - akademik etik qaydalara uyğunluğu;
  • - heç yerdə nəşr olunmaması.

Müvafiq dəyərləndirmə rəyləri alındıqdan sonra müəllifə tezislə bağlı yekun qərar haqqında məlumat veriləcəkdir. Düzəliş üçün verilmiş tezislərin müəllifləri ən geci 1 həftə ərzində uyğun düzəlişləri edərək yenidən müraciət etməlidir, əks halda müəllifə imtina cavabı veriləcəkdir. Komitə tərəfindən tezisdə plagiat halları müəyyənləşdirildikdə imtina cavabı verilərək iddiaçının təkrar müraciətinə qadağa qoyulur.

Konfransın təşkilat və elm komitəsi tərəfindən yüksək keyfiyyətli hesab edilən tezis mövzusunun məqalə variantının Azərbaycan Respublikasında elm, ali təhsil müəssisə və təşkilatların, özəl nəşriyyatların beynəlxalq indeksləşdirilmiş elmi bazalara daxil edilmiş jurnallarında/dərgilərində nəşrinə imkan yaradılacaqdır.

XXV Respublika Elmi konfransında (NASCO-da)  iştirak bizə nə verəcək? Konfransın əhəmiyyəti

Doktorant və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı (NASCO) elmin müxtəlif sahələri üzrə alim və gənc tədqiqatçıları birləşdirən elmi tədbirdir. Bu konfransda doktorant və gənc tədqiqatçılar alimlərlə ünsiyyət qurmaq, onların bilik və təcrübələrindən yararlanmaq, auditoriyanın suallarını birbaşa cavablandırmaq kimi fürsətlər əldə edəcəklər. Doktorant və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı, bir qayda olaraq, sırf elmi xarakter daşıyır və akademik mühitlə sıx bağlıdır. Konfrans zamanı doktorant və gənc tədqiqatçılar elmi araşdırmalarının nəticələrini təqdim edir, şərh, fikir və təcrübə mübadiləsi üçün qeyri-məhdud imkanlar əldə edirlər. Əslində elmi konfranslar həm doktorantlar, həm də onların elmi rəhbərləri (məsləhətçiləri) üçün faydalı olaraq bir çox müsbət nüanslara malikdir.

XXV Respublika elmi konfransında (NASCO-da) təqdimatlar zamanı alacağınız ən qısa məlumatlarla  kitablardan, jurnallardan və digər mənbələrdən əldə etdiyiniz məlumatların təhlilinə sərf edəcəyiniz  vaxta qənaət etmiş olacaqsınız. Konfranslar heç bir başqa mühitdə mövcud olmayan yeni ideyaların tapılması üçün böyük bir mühitdir. Bu növ tədbirlərdə iştirakçılar onları maraqlandıran mövzu ilə bağlı yeni məlumatlara, eləcə də digər mütəxəssislərin bilik və bacarıqlarına çıxış əldə edirlər.

Doktorant və gənc tədqiqatçıların XXV Respublika elmi konfransının real müstəvidə baş tutması həm məruzəçilər, həm də iştirakçılar üçün elmi əməkdaşlıq baxımından çox əlverişli şərait yaradır. Məruzəçilər əldə etdiyi elmi təcrübələrini bölüşmək üçün effektiv auditoriya ilə ünsiyyət qurur, iştirakçılar isə öz sahəsində tanınmış alimlərlə görüşmək imkanı qazanırlar.

Doktorant və gənc tədqiqatçıların XXV Respublika elmi konfransında iştirak etmək, ilk növbədə, yeni mövzu tapmaq, onun işlənməsinin mümkünlüyünü və perspektivlərini əsaslandırmaq baxımından da çox əhəmiyyətlidir. Doktorant və gənc tədqiqatçılar bütün tədqiqat tapşırıqları zəncirini elmi rəhbərin və ya məsləhətçinin tövsiyələri əsasında müstəqil şəkildə yerinə yetirir. Sonda konfransda ideya müəllifi kimi məruzə ilə çıxış edir. Bu doktoranta tədqiqat planına daxil edilmiş bütün fəaliyyətləri diqqətlə nəzərdən keçirməyə imkan verir. Nəticədə doktorant yaxşı təcrübə qazanır, həm də öz qərarlarını qəbul etməyi və əldə etdiyi elmi nəticələri müdafiə etməyi öyrənir.

Elmi konfransda əldə edəcəyiniz digər təcrübəniz geniş auditoriya qarşısında məruzə edərkən fikirləri aydın ifadə etmək, diqqəti cəmləmək, situasiyanı tez idarə etmək, auditoriya ilə əlaqə qurmağı öyrənmək olacaqdır.

Doktorant və gənc tədqiqatçıların elmi konfransda iştirakı təkcə onların dəvət olunmuş tanınmış alimlərin mühazirələrini dinləmək deyil, onlar həm də çoxlu maraqlı insanlarla tanış olmaq və dəyərli əlaqələr qurmaq, müzakirələr etmək şansı qazanırlar.

XXV Respublika elmi konfransı (NASCO) bilik, təcrübə və nailiyyətlərin mübadiləsi platforması olduğundan sözügedən mübadilənin şəbəkələşmə yolu ilə baş verdiyini təxmin etmək asandır. Yeni tanışlıqlar sayəsində siz nəinki üfüqlərinizi əhəmiyyətli dərəcədə genişləndirə, həm də karyeranızı yüksəldə bilərsiniz. Bölmə iclaslarında müvafiq mövzular üzrə təşkil olunmuş müzakirələr, ilk baxışdan məcburi olmayan, lakin praktikada davamlı və məhsuldar elmi əməkdaşlıq üçün əla şərait yaradır.

Doktorant və gənc tədqiqatçıların elmi konfransının bir çox faydaları mövcuddur:

  • - şəxsi və peşəkar keyfiyyətləri inkişaf etdirmək: səriştə, etika, təkmilləşdirmə, seçilmiş ixtisas üzrə daha dərin biliklər əldə etmək və s.;
  • - natiqlik bacarıqlarını inkişaf etdirmək: ictimaiyyət qarşısında çıxış etmək, öz mövqeyini müdafiə etmək, arqumentlər söyləmək, nəticə çıxarmaq, universitetin (təşkilatın) maraqlarını layiqincə təmsil etmək və s.;
  • - yeni işgüzar əlaqələr qurmaq: həmfikir insanlarla, gənc tədqiqatçılarla elmi əməkdaşlıq münasibətləri qurmaq;
  • - elmi polemikalarda iştirak etmək: elmi tənqidi sakit və ləyaqətlə qəbul etmək, işinizə kənardan baxmaq və obyektiv qiymət verməyi öyrənmək.

İlham CAVADOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru

Xəbər lenti