Logo

Böyük dəstək, əlçatan təhsil

17.09.2022 17:31 360 baxış
IMG

Ötən tədris ilində 6815 nəfər təhsil tələbə krediti götürüb

Artıq 1 ildir ki, ölkəmizdə tələbələrə təhsil krediti verilir. İlboyu açıq olduğu bildirilən sistem artıq 3-cü semestr üçün tələbələrə təhsil almaq şansı yaradır, imkansızlıq üzündən təhsil ala bilməyənlərin arzularını çin edir.

Ailəliklə təhsil krediti alanlar

53 yaşlı Əfsəl Qazıyev də vaxtında imkanı olmadığı üçün təhsil ala bilməyənlərdən biridir. Quba rayonunun Əsparəsti kənd sakini olan müsahibim 48 yaşında tələbə adını qazanıb. Həmin il ən yaşlı abituriyent olmaqla yanaşı, övladı ilə birlikdə təhsil alan ata kimi də təhsil ictimaiyyətinin diqqətini cəlb edib: “Ailəmiz çoxuşaqlı olub. Oxumağı çox istəyirdim, amma imkan olmadı. Oxumaq arzusu, həvəsi ürəyimdə idi. Qızımla birlikdə mən də hazırlaşdım, o, Lənkəran Dövlət Universitetinə, mən isə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunduq. Sonra oğlum da eyni ixtisas üzrə LDU-ya daxil oldu. Uşaqlarım kimya-biologiya müəllimliyi ixtisasına yiyələnir. Mən isə təhsilimi magistraturada davam etdirirəm”.

Hər üçü - ata və iki övladı ötən semestr təhsil krediti alıb: “Təhsil krediti dövlətin bizə qayğısıdır. Buna görə də dövlətimə minnətdaram”.

Qazıyevlər ailəsi kimi, ötən tədris ilində çox ailə bir deyil, bir neçə üzvü üçün təhsil kreditinə baş vurub. 4 ailədə 3 tələbə, 270 ailədə 2 tələbə kreditlərdən faydalanıb. Ümumilikdə 138 ailədən 277 tələbə sosial, 136 ailədən 275 tələbə standart kredit alıb.

Tədris ili ərzində təhsil tələbə krediti üçün Təhsil Tələbə Kredit Fonduna 10597 müraciət daxil olub. 7962 müraciət tamamlanıb və 6815 tələbəyə təhsil tələbə krediti ayrılıb. Onlardan 2482 nəfər sosial, 4333 nəfər standart təhsil tələbə krediti götürüb.

Kredit alanların 55-56 faizi qadın tələbələrdir

Kredit götürənlərin gender bölgüsü də maraq kəsb edir. Kredit alan 6815 tələbədən 3786-sı qadın, 3029-u  kişidir. Təhsil Tələbə Krediti Fondunun 2021/2022-ci tədris ilinin yekununa dair hesabatı göstərib ki, qadın tələbələr də təhsil kreditlərindən yararlanıblar. Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayev Fondun fəaliyyət göstərdiyi bir il ərzində 2021/2022-ci tədris ili üzrə təhsil tələbə kreditlərinə dair hesabatı təqdim edərkən deyib ki, qadın tələbələrin kreditdən imtina edəcəyi gözlənilirdi: “Düşünülürdü ki, qadınlar universiteti bitirəndən 1-2 il sonra ailə qururlar və onların 3-4 il ərzində yığılan kredit borcu ailə borcu sayılır. Tələbənin təhsil borcu onun ailə qurmasına mənfi təsir edə biləcəyindən məntiqi olaraq onların kreditdən imtina edəcəyi gözlənilirdi. Bu risklər vardı, amma nəticə belə olmadı. Kredit üçün müraciət edənlərin 55-56 faizi qadın tələbələrdir”.

Kreditdən məhrum olanlar

Qadın və ya kişi olmağından asılı olmayaraq, müraciət etsə də, təhsil krediti ala bilməyənlər də olub. Araz Paşayevin sözlərinə görə, 2021-2022-ci tədris ilində təhsil tələbə krediti ilə bağlı müraciətlərdən 7962-si yekunlaşdırılıb, 2635-i natamam hesab olunub. Bu müddətdə 1147 tələbənin müraciətinə imtina verilib.

İmtinanın səbəblərinə gəlincə, müraciətlərin əksəriyyətinə, yəni 60.8 faizinə sistem imtina verib. Sistem ya sosial status təsdiqlənməyəndə, ya da akademik borc olanda imtina verir. Standart TTK üçün tələb olunan qəbul balı çatmayanda, yaxud standart TTK üçün tələb olunan illik təhsil haqqının 20 faizi ödənilməyəndə də kredit verilməsindən imtina edilir. Ötən tədris ilində sistem tərəfindən imtina olunan müraciət sayı 697 olub və bu, səbəblər arasında ən çox rast gəlinəndir.

Kredit verilməsindən imtina səbəbləri arasında müraciətçinin normativ təhsil müddətindən artıq təhsil alması, hətta göstərdiyi təhsil müəssisəsində oxumaması kimi faktlar da olub. Sosial status təsdiqlənməyən, akademik borcu olan tələbələr də təhsil müəssisəsinin imtinası səbəbindən kreditdən məhrum qalıblar.

Təhsilalanların kreditlərə ehtiyac duymadığı ixtisaslar var?

Təhsil Tələbə Kredit Fondunda təhsil kreditinə müraciət edənlərin təhsil səviyyələri üzrə də təhlili aparılıb. Belə məlum olub ki, ali təhsilin bakalavr pilləsi üzrə 5795, magistratura üzrə 849 nəfərə təhsil krediti verilib. Bu müddətdə kreditlər üçün ümumilikdə 5991947,67 manat vəsait xərclənib. Ən çox Azərbaycan Dövlət İqtisad, ən az ADA (41) və Xəzər (60) universitetlərinin tələbələri kredit götürüb.

Tələbə təhsil krediti Biznesin idarə edilməsi, Tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə çox, texniki və mühəndislik ixtisasları üzrə az götürülüb.

Araz Paşayev texniki ixtisaslar üzrə müraciətlərin az olmağından narahatlıq da ifadə edib: “Bizi ən çox narahat edən məqam texniki və mühəndislik ixtisasının bu siyahıda ilk 21-də olmamasıdır. Burada müəyyən səbəblər ola bilər. Bəlkə də, çox ixtisaslarda təhsilalanların kreditlərə ehtiyacı yoxdur”.

Texniki peşə təhsili alanlar da təhsil kreditindən yararlana biləcəklər

Tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə ümumilikdə 96, ümumi orta təhsil bazasından orta ixtisas təhsili üzrə 75 tələbə kreditlərdən yararlanıb.

TTK-nın kollecləri də əhatə etməsi üçün Fondun fəaliyyətinə diqqət çəkən A.Paşayev hər kənd, hər şəhərdə tələbələrin kreditdən yararlanmaları üçün şərait yaratdıldığını, artıq regionların 95 faizinin əhatə edildiyini də vurğulayıb.

Araz Paşayev qeyd edib ki, texniki peşə təhsili müəssisələrində təhsil alanların da təhsil kreditindən yararlana bilmələri üçün  müzakirələr gedir və yaxın vaxtlarda onlara da bu imkan yaradılacaq.

Qiyabi təhsil alan tələbələr isə hələ də kredit imkanından yararlana bilmir. Onlara təhsil kreditlərinin verilməsinin nəzərdə tutulmadığını söyləyən A.Paşayev gələcəkdə bu məsələyə yenidən baxıla biləcəyini də istisna etməyib.

Sosial kredit imkanları artırılır

Sadəcə təhsil səviyyələri üzrə deyil, həm də insan qrupları üçün sosial kredit imkanları artırılır. Belə ki, 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbələrin sosial kredit növündən yararlanması üçün hökumətə müraciət edilib.

Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru ailə başçısını itirməyə görə müavinət alan ailələrin övladlarının da bu kateqoriyaya salınması üçün aidiyyəti üzrə müraciət edildiyini vurğulayıb.

Tələbə Təhsil Kreditində yeniliklər olacaq

Sadəcə sosial kredit almaq imkanı deyil, ümumiyyətlə, təhsil tələbə kreditlərinə müraciətlər asanlaşdırılıb. Artıq təhsil tələbə krediti almaq istəyən tələbələr öz ərizələrini notariat ofisinə getmədən, “Mobil notariat” tətbiqi vasitəsilə təsdiqlədəcəklər: “Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində mobil notariat tətbiqini Təhsil Tələbə Krediti Fondu ilə əlaqələndirmişik. Əvvəl tələbə kredit üçün müraciət edərkən notariata yaxınlaşaraq ərizəsini təsdiqlədirdi. Artıq 18 yaşı tamam olan tələbələr fərdi şəkildə mobil tətbiq vasitəsilə ərizəni təsdiq edib, kredit üçün müraciət edəcəklər”.

Fondun Himayəçilik Şurasına tələbələrin standart təhsil krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddinin 300-dən 250-yə salınması təklif olunub və təklif qəbul edilib. A.Paşayev burada məqsədin təhsil kreditini daha əlçatan etmək olduğunu qeyd edib.

Valideynlər övladlarının dərslərə davamiyyətini və göstəricilərini izləyə biləcəklər

 “Bəzən tələbə öz akademik borclarını valideynlərə bildirmir və kreditlərin verilməsində problemlər meydana çıxır”, - deyən A.Paşayevin sözlərinə görə, buna çarə tapılıb. Bundan sonra valideynlər övladlarının dərslərə davamiyyətini, göstəricilərini izləyə biləcəklər. Bu məqsədlə hazırlanan xüsusi proqramın tətbiqindən sonra təhsil kreditinin verilməsində də problemlər azalacaq.

Növbəti tədris ilinə hazır olduqlarını bildirən Araz Paşayevin sözlərinə görə, vəsaitlə bağlı hər hansı problem yoxdur. Payız semestri ərzində, təxminən, 5000-ə yaxın tələbənin təhsil kreditləri üçün müraciət etməsi gözlənilir və Fond həmin müraciətlərə cavab verməyə hazırdır.

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti