Kulis.az gənc yazarların müharibə mövzusunda yazılmış ən yaxşı şeirlərini təqdim edir.
Emin Piri: Sağ qalan varmı?!
Əsgər sinəsi axtarır
isinməyə,
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər,
hər atılan güllə.
soba yanında,
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib,
“üşüyürəm, ana
odun atıram sobaya”
Daha
gecələri oyaq qalmağa,
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə,
sobaya odun atmağa
ehtiyac yoxdu...
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!
Rəşad Nağı Mustafa: Nəbatat bağındayam
Müharibə başlayıb... Nəbatat bağındayam.
Hava yaman soyuqdu, özüm də bir az xəstə.
Heyf, evdən çıxanda papaq da qoymamışam
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat bağındayam...
Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən vətən səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:
Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndi.
Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm
Məni bərk qucaqlama, axı atan deyiləm
Məndən barıt qoxusu gəlmir, başına dönüm.
Hər şeyə baxmayaraq
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə...
Ulucay Akif: 50 şəhid, 50 küçə
Əlli şəhid...
Əlli küçə...
Əlli park...
“Şəhidlər ölməz!” deyər hamı bir ağızdan
şəhidlər ölməz, amma
ölər oğullar
ölər atalar
ölər ərlər döyüş meydanında
“Təki Vətən sağ olsun!” deyər hamı
təki...amma
oğullarımız
atalarımız
bir də o gəlinlərin cəsur ərləri də...
Əlli şəhid...
Əlli küçə...
Əlli park...
sizdən xahiş edirəm
verməyin şəhid adlarını mən keçdiyim küçələrə
ayaqlarımda güc yoxdu gedim o küçəni axıracan
ucaltmayın heykəllərini gəzdiyim parklarda
qollarımda güc yoxdu
qucaqlayım sevgilimi o parkın skamyasında
aparın məndən uzağa
laaaap uzaq bir yerə
heç vaxt getməyəcəyim küçələrə
heç vaxt gəzməyəcəyim parklara verin adlarını
Orxan Saffari: Vətən payı
Elə indi,
gecənin bir aləmi "həyəcan siqnalına" oyanıb,
növbəti gün yat komandasında torpağın altında yata biləcəyim gecələrdən yazıram sənə;
Sənə böyük sevgim var,
Sənə çoxlu sözüm var,
Amma qorxuram ki, deyə bilməyim
O qədər var ki,
sözünü, sevgisini deyə bilməyən.
Bəlkə də bir snayper gülləsinə tuş gələrəm,
bəlkə də bədənimdə daha əllərin yox,
5.45 gəzər.
Və sən,
Bir xəbər eşidərsən səsi başına düşən o xəbərçinin dilindən.
Deyər ki,
bu gün ordumuzun əsgəri,
yəni, mən
filan istiqamətdə gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuşam
Onda bil ki, son nəfəsdə də
Belə gözümün son qırpınışında,
ürəyimin ən sonuncu döyüntüsündə,
çırpınışda
sənə olan sevgimi,
sözümü demişəm
Çox da pis olma, qızım
Mən sənə olan sevgimdən,
bir az da vətənə pay vermişəm.
Vətən həmişə şəhidlərin uğrunda sağ olacaq
Mən olmasam bir gün,
Sən yenə də sağ ol...
Ramil Əhməd: Müharibədən sonra
Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub
qaçardıq həmişə...
Hərdən yuxuma girirdi
Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar ölümün
nə demək olduğunu bildiyindən,
başa düşürdülər atalarının öldüyünü.
Analarından gizlədərdilər,
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər,
atalarının qisasını almağa...
Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan...
Sözlü qızlar sevgilərini
qaçaqaçda salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş,
cocuqlarının atasıydı...
Hər evə böyüdülmüş
bir əsgər şəkli qaldı və...
qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı...
Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan
dul Sürəyya,
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, – deyirdi...
Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...
Sürəyya deyirdi:
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı –
qızcığaz saymağı bacarmırdı çünki...
Eminquey: Keçən gün
keçən gün,
bilmirəm nə vaxtsa,
məni əsgər meyitlərinin içindən sağ tapdılar,
məni donmağa qoymayan sinəmdəki gülləni
çıxartdılar,
anama verdilər,
sonra əsgər meyitlərinin boğazından bayraq tapdılar
gödəkçələrinin üstündəki...
keçən gün,
bilmirəm nə vaxtsa,
pürrəngi qardan adam düzəldən uşaq tapdılar,
mərmi gilizlərindən burnu,
əsgər papağından papağı qar adam...
keçən gün,
bilmirəm nə vaxtsa,
bizimçün bəzənib göbək yellədən mavi əsgər də şəhid oldu.
keçən gün,
bilmirəm nə vaxtsa,
Nabat xala tutdu qolumdan,
nəvəsinin kəmərini göstərdi,
"ay əclaf, bəs, sən niyə ölmədin?" - deyib
kədərini göstərdi,
sonra qucaqladı məni,
ağladı nəvəsini.
keçən gün,
bilmirəm nə vaxtsa,
əyilib torpağı öpən adamlara,
torpaq üstünü örtərək özünü bağışladır...
keçən gün,
bilmirəm nə vaxtsa,
harda bir ağlayan adam gördümsə qaçdım,
elə o zamandan bəri,
dözə bilmirəm ağlayan adamlara,
onlar torpaq qoxuyan yağış dadır...
Rəvan Cavid: Havuş
Uşaq vaxtı aldığım oyuncaq avtomatlar
Böyüyüb dəmir oldu, indi adam öldürür.
Öldürür içimdəki o məsum uşağı
Dayayanda çiynimə o sərt qundağı.
Ay ana, axtarma o uşağı,
Qarışıb palçığa, qara qarışıb.
düymə tikdiyin bəyaz parçaya
Yara yapışıb.
İndi isə, ay sevgilim,
Masmavi buludların ən alisinə and içirəm,
Səndən yadigar qalıb ikinəfərlik təklik.
Azan səsinə qarışıb quzğunların aclıq ah-vayı,
Ölənlərə yox, dözənlərə salavat çəkdik.
Sən də,
Ay məni axtaran günahım,
Məni bir də axtarma,
İtirmişəm Allahı.
Aqşin evrən: Dünya yaşıl olanda
Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır
Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.