Bu gün Şuşa rayonu üzrə yüksək bal toplayaraq tələbə adını qazanan 6 məzun öz doğma şəhərini ziyarət ediblər.
Tehsil.biz xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə şəhərə dəvət olunmuş gənclər Şuşa qalası, Cıdır düzü, Vaqifin məqbərəsi, Bülbülün evi və digər tarixi məkanlarda olublar.
Məzunlarla görüşən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edib ki, ölkənin ən nüfuzlu elm ocaqlarına qəbul olan məzunlar ilk dəfə Şuşanı görməklə onun tariximizdə nə qədər vacib rola malik olduğunu əyani surətdə şahidi olublar.
Səfər çərçivəsində gənclər şəhərdə aparılan yenidənqurma və bərpa işləri ilə də yaxından tanış olublar.
Görüşün sonunda Məftun Abbasov məzunları tələbə adı qazanmaları münasibətilə təbrik edərək, onlara Şuşa Qoruğu adından hədiyyələr təqdim edib. Həmçinin görüşdə Şuşa Şəhər Polis Şöbəsinin rəisi Səməd Məhərrəmov da iştirak edərək, gənclərə müvəffəqiyyətlər arzu edib.