Logo

Qərbi Azərbaycan təhsili XIX əsrin sonu, XX əsrin əvvəllərində - FOTO

18.09.2022 15:41 494 baxış
IMG

Tarixi faktlar tədqiqat işığında

Qərbi Azərbaycan pedaqoji mühiti və təhsil

Qərbi Azərbaycan xalq maarifi və məktəb təhsili sahəsində özünəməxsus inkişaf yolu keçmişdir. Qərbi Azərbaycanda məktəb bütöv Azərbaycan maarifinin mühüm tərkib hissəsi olmaqla özünü göstərən pedaqoji yeniliklər burada nüfuz etmişdir. Zaqafqaziyada o illərin İrəvan məktəbləri və məktəbdarları bəzi yenilikləri ilə hətta irəli gedir. XIX əsrin ikinci yarısında QTD-nin bərpası ilə əlaqədar İrəvanda yeni məktəblər açılmağa başlayır. Bu isə 1867-ci ildə Qafqaz məktəbləri üçün təsdiq edilmiş nizamnamədə öz ifadəsini tapır. Nizamnaməyə görə Tiflis, Stavropol, Kaban, Kutaisi, Bakı şəhərlərində olduğu kimi, İrəvan məktəblər direksiyası da yaradılması öz əksini tapır. Nəhayət, mərkəzi hökumətin 1876-cı il 27 yanvar tarixli yeni qərarı əsasında Qafqaz tədris dairəsində yuxarıda qeyd olunan şəhərlərlə yanaşı, İrəvan-Yelizavetpol (Gəncə) xalq məktəblər direksiyası təsis edilir. Bu da İrəvanda (azərbaycanlılar üçün) dövlət məktəblərinin yaranmasına səbəb olur. Beləliklə, 1881-ci ildən müəllimlər seminariyası, gimnaziyalar, o cümlədən qız gimnaziyası, pansionatlar, Rus-Azərbaycan məktəbləri fəaliyyət göstərməyə başlayır. Azərbaycanda, o cümlədən Bakıda açılan Rus-Azərbaycan məktəbinin təsiri ilə İrəvanda da belə məktəblər meydana gəlir. Belə məktəblərin şəbəkəsi, xüsusilə İrəvan quberniyasında genişlənir.

1896-cı il oktyabrın 21-də açılan İrəvan Rus-Azərbaycan məktəbi əhalinin maddi və mənəvi yardımı ilə idarə olunurdu. Məktəbə ilk dəfə nəzərdə tutulan 70 şagird əvəzinə 110 şagird qəbul edilmişdi və onların sayı get-gedə çoxalırdı. Əhali tərəfindən yaradılan Rus-Azərbaycan məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan Erivanski (sədr), İrəvan Gimnaziyasının Azərbaycan dili müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və b. daxil idi. Məktəbin tədris planında Azərbaycan, rus, fars və ərəb dilləri, şəriət, hesab və s. fənlər öz əksini tapmışdı. Ana dili səs üsulu ilə A.O.Çernyayevskinin “Vətən dili” (I-II hissə), fars dili Sədinin “Gülüstan”, rus dili M.Volperin “Rus dili” (I, II, III hissələr), hesab Yevtuşevskinin “Məsələlər kitabı”, müqəddəs tarix isə F.Köçərlinin tərtib etdiyi kitab üzrə tədris edilirdi. Təhsil müəssisəsinin müdiri Həşimbəy Nərimanbəyov idi. İkinci müəllim R.Xəlilov, sonralar isə Şaxtaxtinski olmuşdur. Azərbaycan dilini Mirzə Məmmədvəli Qəmərlinski, şəriət dərslərini isə Axund Mirzə Abdulla Qarayev aparırdı.

Qafqaz ölkələrində yaşayan müsəlmanlar arasında qızların təhsilə cəlb olunması, onların dünyəvi təhsil almasının gündəmə gəlməsi İrəvan əhalisini də hərəkətə gətirdi. Onlar İrəvanda yaşayan Azərbaycan qızlarını təhsilə qovuşdurmaq üçün qız məktəbləri açmaq təşəbbüsünə böyük həvəs və istəklə qoşuldular. Azərbaycan məktəb tarixi üzrə araşdırmalar aparan akademik H.Əhmədov yazırdı ki, bu işdə İrəvan quberniyası daha da irəlidə gedirdi. Gürcüstan Respublikasının MDA-də saxlanılan sənədlər içərisində İrəvan şəhəri, Şərur-Dərələyəz, Naxçıvan və Eçmiədzin qəza sakinlərinin vəsait toplamaları haqqında kifayət qədər sənədlər vardır. Bu sənədlərdə insanların məktəbə, maarifə olan marağı aydın ifadə olunurdu. Bütün bunların nəticəsi idi ki, İrəvan rus-Azərbaycan məktəbinin müsbət təcrübəsi əsasında İrəvanda rus-Azərbaycan qız məktəbinin əsası qoyulmuşdur.

Həmvətənlərinin maariflənməsi, elm və təhsilə qovuşmasında məktəbin rolunu yüksək qiymətləndirən İrəvan ziyalılarının, şair və pedaqoqların XIX əsrin II yarısı və XX əsrin əvvəllərində böyük bir dəstəsi yetişərək fəaliyyət göstərmişdi. Bunlardan məşədi İsmayıl Hacı Kazımzadə (“Bəzmi”), Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhməd (“Mütəlle”), Cabbar Baxçabani İrəvani, Axund Mirzə Əli, Mirzə Abbas Məhəmmədov, Mirzə Ələkbər Elxanov və digərlərinin diqqətəlayiq fəaliyyəti İrəvanda elmi-pedaqoji mühitin formalaşmasına əsaslı təsir etmişdir. Məsələn, M.Ə.Elxanov 1828-ci ildə İrəvan şəhəri yaxınlığındakı Uluxanlı kəndində anadan olmuş, İrəvan şəhəri baş məscid  nəzdində ruhani məktəbini bitirmiş, 1856-cı ildə Tiflis gimnaziyasında imtahan verərək Azərbaycan dili müəllimi adı almışdır. O, 30 ilə qədər İrəvan dövlət məktəblərində fəaliyyət göstərmişdir. M.Elxanovun pedaqoji fəaliyyəti müəllimliklə məhdudlaşmamış, mütərəqqi rus pedaqoji fikrinə, xüsusən də K.D.Uşinskinin pedaqoji ideyalarına istinadən Azərbaycan məktəblərində tədris ehtiyacını ödəmək üçün dərslik tərtib etmişdir. M.Elxanov 1880-ci ildə “Azərbaycan dili əlifbası” adlı dərslik yazmışdır. Bu barədə Qafqaz təlim dairəsi popeçitelinin 1883-cü ilə dair hesabatında qeyd edilir ki, İrəvan gimnaziyasının Tatar-Azərbaycan dili müəllimi Mirzə Elxanovun “Tatar dili dərsliyi” Uşinskinin “Vətən dili” kitabı nümunəsində tərtib olunmuşdur”.

İrəvan ziyalılarının ana dilində məktəb açmaları

İrəvan ziyalılarının ana dilində yeni üsullu məktəblər açılması işində fəaliyyəti də diqqəti cəlb edən faktlardandır. İrəvan pedaqoji mühitinin aparıcı nümayəndələrindən şair-müəllim İsmayıl Hacı Kazımovun bu sahədə fəaliyyətini göstərmək olar. Məhz ilk belə məktəb İrəvanda yeni üsullu məktəblərin meydana gəlməsinə xüsusi əmək sərf etmiş Məşədi İsmayıl Hacı Kazımzadə tərəfindən açılmışdır. Kazımovun ana dilində məktəb açmasına icazə verilməsi QTD popeçitelinin 1882-ci ilin fevralında İrəvan və Gəncə xalq məktəblər direktoruna göndərdiyi məktubunda öz əksini tapmışdır. “Cənab qubernatorun keçən 23 yanvar 246 saylı məktubuna əsasən İrəvan birsinifli şəhər məktəbinin müəllimi Məşədi Molla İsmayıl Hacı Kazımovun İrəvan şəhərində rus dili və rus dilində hesab tədris edilməsi şərtilə 3-cü dərəcəli xüsusi tatar (Azərbaycan - İ.İ) məktəbi açılmasına icazə verirəm”. Beləliklə, Kazımovun xüsusi məktəbi 1882-ci il martın 28-də açılmışdır. Kazımovun ana dili məktəbi qısa müddət ərzində bütün İrəvan quberniyasında böyük şöhrət və rəğbət qazanmışdır. Bu rəğbətin əsas səbəbi onun məktəbində tətbiq etdiyi yeni üsulu və bir müəllim kimi şəxsiyyəti, millətin mənəvi zənginliyi qayğısına qalması sahəsində göstərdiyi əməli fəaliyyət idi. Bu fəaliyyət dövrün görkəmli şəxsiyyətlərinin də diqqətindən kənarda qalmamışdır. Mirzə İsmayıl Kazımovun şəxsiyyəti və onun məktəbi, tətbiq etdiyi yeni təlim üsulları barədə F.B.Köçərli öz fikirlərini belə ifadə etmişdir: “Bu həqir bəndə İrəvan gimnaziyasına yeni müəllim təyin olunan vaxtlarda Mirzə İsmayıl ilə tanış olub və bəzi vaxtlar onun üsuli-tədrisi ilə aşinə olmaq üçün məktəbinə gedərdim və onun artıq şövq ilə məşğul olmağını görüb, dəxi də artıq onunla yaxınlaşmağa və dostluq əlaqəsini bağlamağa səy edərdim.... Məşədi İsmayıl bizim məktəblərdə babadan bəri işlənən köhnə qayda üzrə dərs verməyin küsurunu anlayıb, üsuli-sövti ilə təlim etmək üçün özü təzə bir əlifba tərtib etmişdi. Amma mərhumun bu işi nə qədər əhəmiyyətli və xeyirli idisə də köhnə qaydanı sevən və işıqdan bixəbər olan avamlara o, xoş gəlmədi. Mərhumun təzə əlifbası avam və əhli-qərəz insanında gülünc və istehza üçün bir alət oldu. Amma möhtərəm müəllim bu istehza və kinayələrə əsla mültəlif olmayıb, öz işində sabit, qədəm və möhkəm dururdu”.

Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov (“Mübtəle”) İrəvan ziyalıları sırasında sayılıb-seçilən, həmvətənlərinin təlim və tərbiyəsi qayğısına qalaraq, onların himayədarı kimi özünü göstərən şəxslərdən idi. O, əslən iranlı olsa da, çox gənc yaşlarında İrəvana gəlmiş, İran konsulluğunda çalışmışdır. Sonra bu işdən imtina edərək, pedaqoji işə çox maraq göstərdiyindən İrəvanda xüsusi məktəb açıb müəllimlik etmişdir. Mirzə Kazımın müəllimlik fəaliyyətindən bəhs edən ədəbiyyatşünas alim-tarixçi F.B.Köçərli onu məktəb işlərini müasir üsullarla və səliqəli aparan bir maarifçi kimi dəyərləndirmişdir. Bu keyfiyyətlərinə görə də İrəvan əhlinin böyük hörmət və ehtiramını qazanmışdır. Belə hörmət sahibi olan Mirzə Kazım bu səbəbdən də ömrünün sonuna qədər İrəvanda yaşamışdır.

İrəvan pedaqoji mühitində özünə yer tutan şəxslərdən biri də Mirzə Həsən Rüşdiyyənin qardaşı Axund Mirzə Əlidir. Mirzə Kazım kimi, Axund Mirzə Əli də əslən Cənubi Azərbaycandan olsa da, Qərbi Azərbaycanda yaşayan həmvətənlərinin təlim-tərbiyəsi ilə məşğul olmağa daha çox üstünlük vermişdir. Mirzə Kazımla dostluq əlaqələri quraraq məktəbdarlıq etmişdir. F.B.Köçərlinin yazdığına görə, Mirzə Abbas Məmmədov XIX əsrdə İrəvanda yeni üsullu məktəb açan ziyalılardan olmaqla İrəvanda məktəbdarlıqla məşğul olan pedaqoqlardan biri idi.

Dövrün mühüm pedaqoji problemləri və onun həlli baxımından İrəvan mühitinin təcrübəsinin ictimaiyyət tərəfindən qiymətləndirilib qəbul edilməsi faktı Azərbaycanın digər bölgə maarifpərvərlərinin qabaqcıl pedaqoji təcrübələrində də özünü göstərirdi. Bunu biz Azərbaycanda, o cümlədən İrəvanda ana dili məktəbi, xalq maarifi sahəsində həyata keçirilən yeniliklərin Cənubi Azərbaycanın mütərəqqi maarifçi-pedaqoqlarının diqqətini cəlb etməsindən aydın görürük. Bu sahədə ilk təşəbbüs göstərənlərdən biri də maarifçi-demokrat Mirzə Həsən Rüşdiyyə Təbrizi olmuşdur. Mütərəqqi təlim-tərbiyə üsullarını Cənubi Azərbaycanda yaymağı qarşısına məqsəd qoyan M.H.Rüşdiyyə İrəvana gəlmiş, pedaqoji elmin yeniliklərini öyrənmiş, nəzəri məsələlərlə məşğul olmuşdur. Öz nəzəri biliklərini təcrübədə yoxlamaq üçün hətta 1883-cü ildə İrəvanda məktəb açmışdır. Həmin məktəb qısa müddətdə İrəvan pedaqoji ictimaiyyətinin rəğbətini qazanmışdır. Nəhayət, kifayət qədər elmi-pedaqoji və təcrübi bilik qazanaraq Təbrizə qayıtmış, pedaqoji fəaliyyətini davam etdirmişdir.

Onu da qeyd etmək lazımdır ki, İrəvan və Qərbi Azərbaycan pedaqoji mühitinin qabaqcıl nümayəndələri öz fəaliyyətini bir məkanla məhdudlaşdırmayıb, digər ərazilərdə yaşayan həmvətənlərinin də məktəbə, elmə, təhsilə olan ehtiyaclarını ödəmək üçün ciddi cəhdlər göstərmişlər.

Yuxarıda bəhs etdiyimiz kimi, Cənubi Azərbaycandan gəlib (Təbrizdən) İrəvanda məktəb açaraq, yeni təlim üsullarını öyrənib vətənə qayıdanlar olduğu kimi, İrəvandan Təbrizə və ya Cənubi Azərbaycanın digər şəhərlərinə gedib, İrəvan pedaqoji mühitinin zəngin təcrübəsinin tətbiqi sahəsində fəaliyyət göstərənlər də olmuşdur. Belə şəxsiyyətlərdən biri də İrəvanda anadan olmuş, gənclik illərindən başlayaraq müəllim kimi (gizli olaraq evlərdə qızlara dərs demişdir) fəaliyyət göstərərək “Kavkaz” qəzeti və “Molla Nəsrəddin” jurnalında əməkdaşlıq etmiş, 1913-cü ildə İrəvan şəhərində nəşr olunan “lək-lək” satirik jurnalın redaktoru vəzifəsində çalışmış Cabbar Baxçebani İrəvani olmuşdur. Cabbar Baxçebani İrəvanda göstərdiyi pedaqoji maarifçilik fəaliyyəti ilə yanaşı, Cənubi Azərbaycan maarifçilik tarixində də özünəməxsus yer tutmuşdur.

İramin İSAYEV,

ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri,  professor

Xəbər lenti