Logo

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar - FOTOLAR

18.09.2022 18:00 370 baxış
IMG

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.

Tehsil.biz xəbər verir ki, konfrans iştirakçılarına buranın açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazandığı bildirilib. Diqqətə çatdırılıb ki, ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri nümayiş olunur.

Qeyd edilib ki, sahəsi 3096 hektar olan Qobustan Milli Tarix-Bədii Qoruq İdarəsi 1966-cı ildə yaradılıb. Qobustan qayaüstü rəsmləri dünyada belə abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 7 minə yaxın qayaüstü təsvir, 40-a yaxın kurqan, 20 mağara və yaşayış yeri aşkar edilib və öyrənilib.

Qonaqlara məşhur qavaldaş barədə məlumat verilib. Bildirilib ki, “qavaldaş” adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu – qavaldaşın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri təşkil etmək üçün olduqca əhəmiyyətli idi.

Konfrans iştirakçılarına, həmçinin üzərində latın qrafikası ilə qədim Roma yazısı olan kitabə nümayiş edilib. Bildirilib ki, 1948-ci ildə aşkar olunmuş kitabə eramızın 84-96-cı illərində imperator Domisianın hakimiyyəti dövründə Roma legionunun senturiyasının Qobustan ərazisində olduğunu göstərir. Altı sətirlik kitabədə "Imperator Domisian Sezar Avqust Germanik. Lutsius Yulius Maksimus. XII İldırımsürətli Legion" sözləri qeyd edilib.

Sonda konfrans iştirakçıları qoruğun ərazisində yaradılmış muzeydə olublar. Burada onlara müxtəlif dövrlərə aid daşlar, saxsı qablar, insan sümükləri və digər eksponatlar barədə məlumat verilib.

Xəbər lenti