Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları şəhərin görməli yerləri ilə tanış olublar.
Tehsil.biz xəbər verir ki, konfransın iştirakçılarının şəhərlə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb. Onlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verilib.
İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Konfrans iştirakçıları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qarşısına tər güllər düzüblər.
Qonaqlara, həmçinin Qarabağın xanı Pənahəli xanın sarayı, Natəvanın evi, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri, Molla Pənah Vaqifin Muzey-məqbərə Kompleksi barədə məlumat verilib.
Sonra qonaqlar Şuşa qalasını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Sonda konfrans iştirakçıları Cıdır düzündə olub, oradan açılan gözəl mənzərəni seyr ediblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər.
Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.