Logo

Mehriban Vəliyeva: "Xalq və ordu birliyi, sərrast siyasi strategiya zəfərin qarantıdır"

19.09.2022 09:43 401 baxış
IMG

"Azərbaycan xalqı iki ilə yaxındır ki, doğma, əzəli torpağı olan Qarabağın 30 illik erməni işğalından azad olunmasının sevincini və qürurunu, həmçinin böyük Zəfərdən ötən qısa müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Qarabağa böyük Qayıdışın həyəcanını yaşayır. Məğlubiyyəti ilə barışmayan, xüsusilə Qarabağda həyata keçirilən möhtəşəm quruculuq, bərpa işlərini həzm edə bilməyən Ermənistan hər zamankı xislətinə uyğun olaraq təxribatlardan əl çəkmir, bölgədə sülhü, təhlükəsizliyi təhdid altında saxlayır. Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törətməsi bir daha onun pozuculuq siyasətini ortaya qoydu".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib.

O bildirib ki, işğalçı Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı başlayan hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsinə başlayaraq 44 gün ərzində düşmənə necə layiqli cavab verdisə, bu dəfə də düşməni məkrli məqsədlərinə çatmağa imkan vermədi. Əlbəttə, cəbhədən gələn şəhid xəbərlərinə üzüldük, lakin ordumuzun düşmənə verdiyi layiqli cavab, ona yaşatdığı maddi və mənəvi itkilər bir daha göstərdi ki, Azərbaycan xalqı öz mətanətini hər zaman qoruyur, kədərini də, sevincini də paylaşmağı bacarır. Necə ki, bu birliyə Vətən müharibəsində bütün dünya şahidlik etdi. Rəhbər, ordu və xalq birliyi Vətən müharibəsində Qələbəni şərtləndirən ən başlıca amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbələr endirdi.

Təəssüflə qeyd etməliyik ki, Ermənistanın bu pozuculuq siyasəti, bölgədə təhlükəsizliyi şübhə altına alan əməlləri bütün dünyanın gözü qarşısında baş verir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 il ərzində işğalçı Ermənistanın törətdiyi terror, vandalizm əməllərinə necə göz yumurdusa, indi də eyni davranışı sərgiləyir. Bu təxribatlar həm də elə bir vaxtda baş verir ki, Azərbaycan tərəfi Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın otuz il ərzində minaladığı ərazilərdə genişmiqyaslı təmizləmə fəaliyyəti apardığı halda, Ermənistan tərəfi yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməllərini davam etdirir.

Amma Ermənistan bu dəfə də niyyətinə çata bilmədi. Azərbaycanın rəşadətli Ordusu düşmənə, Ermənistandakı revanşist qüvvələrə ölkəmizə və hərbi bölmələrimizə qarşı həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Ordumuzun təxribatlara cavab olaraq həyata keçirdiyi unikal əməliyyat işğalçının budəfəki planlarını da alt-üst etdi. Dövlətimizin başçısının söylədiyi kimi, Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Bu bir həqiqətdir ki, hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. İstər I Qarabağ savaşında, istər 44 günlük Vətən Müharibəsində, istərsə də son təxribatlar zamanı şəhid olan qəhrəman oğullarımız bir daha sübut etdi ki, bu torpaq, bu Vətən bölünməzdir, ona qarşı edilən təhdidlərə canını sipər edən cəsur övladları var. Xalq və ordu birliyi və Prezident İlham Əliyevin sərrast siyasi strategiyası böyük zəfərimizin qarantıdır.

“Əlbəttə ki, cəsur, vətənpərvər oğulların yetişməsində məktəbin, təhsilin rolu danılmazdır. 44 günlük müharibənin gedişi və son olaylar da bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə, öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpağı üçün canından keçməyə hazır olan, milli mənsubiyyəti ilə fəxr edən, xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir. Vətən müharibəsində iştirak edən Bakı məktəblərinin 40-dan çox müəllimi yalnız sinif otaqlarında deyil, döyüş meydanında da vətənpərvərlik dərsi keçərək, şagirdləri ilə çiyin-çiyinə vuruşaraq şanlı tariximizə imza atdı. Paytaxt məktəblərinin 350-dən çox məzunu şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borcunu layiqincə yerinə yetirdi. Bir daha bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Unutmamalıyıq ki, Vətənimiz onların qanı bahasına bütöv oldu”, - deyə Mehriban Vəliyeva vurğulayıb.

Xəbər lenti