Logo

Vətən üçün axan göz yaşlarımız - Şahanə Müşfiq yazır

19.09.2022 12:05 532 baxış
IMG

Keçən dəfə belə bir sual çıxdı qarşıma: "Ağlaya bilən insanlar daha güclüdürlər?" Aleza Solter isə deyirdi ki, ağlamaq dərd çəkmək deyil, dərd çəkməkdən qurtulmaq dövrüdür". Bəs, doğrudan da, ağlamaq nədir? Bir refleks, yoxsa zehnimizin qərarı? Yəqin, baxır nəyə ağlayırsan...

Bu günlərdə xalq olaraq hamımız ağlayırıq. Kimimizin gözlərindən yaş çıxır, kimimiz göz yaşlarımızı içimizə axıdırıq. Amma istisnasız qəlbi olan hər birimiz ağlayırıq. Bircə gecədə vətən uğruna, torpaq uğruna yox olan 71 cana ağlayırıq. 71 yarımçıq həyata... 71 qırılan ömürə... 71 susan dodaqlara... 71 yaşanmamış günlərə... 71 gerçək olmayacaq arzuya...

Sentyabrın 12-si gecədən başlamış ta indiyə kimi cəbhədən gələn hər gərginlik xəbərinə, yayılan hər şəhid adına, gördüyümüz hər şəhid rəsminə, oxuduğumuz hər şəhid taleyinə yana-yana göz yaşı tökürük. Biz göz yaşı tökürük də, bu günlərdə gördüyüm bəzi şəhid analarının, atalarının qupquru gözləri, təmkinli danışıqları zehnimi məşğul etdi.

Bəli, bu 71 şəhid xalqımızın torpaq uğrunda verdiyi nə ilk, nə də son olacaq. Elə bu sətirləri qələmə aldığım gün- 15 sentyabr tarixinin özü də vətənimiz üçün əlamətdar, eyni zamanda, qanla yazılmış gündür. 1918-ci ilin məhz bu günündə azərbaycanlılar və osmanlılardan ibarət Qafqaz İslam Ordusu Bakını azad etmişdi. Bu azadlıq neçə gərgin döyüşlər, neçə cavan canlar, neçə yarımçıq ömürlər bahasına başa gəlmişdi. Əsrin sonlarında isə Qarabağ dərdi... Sonra Qarabağ uğrunda müharibələr: "Aprel döyüşləri", Tovuz döyüşləri, Vətən müharibəsi. İndi də sentyabr döyüşləri. Bitmədi, bitmir. Torpaq şəhid qanına, qulağımız şəhid xəbərlərinə doymur sanki.

Vətən müharibəsində çox şəhid ailələriylə həmsöhbət olmuşdum. Onlardan balasının adı çəkilən kimi göz yaşlarına boğulanları da vardı, təmkinlə balasından bəhs edənləri də. Yəni, ilk dəfə deyildi ağlamayan şəhid valideyni görməyim. Amma bütün bu müşahidələrimə görə, kiçik bir araşdırma etmək qərarına gəldim. Nədir ağlamaq? Doğrudanmı, dərdin, iztirabın ən bariz göstəriş şəklidir? Fikrimcə, yox!

Məncə, ağlamaq ani refleks, dərdin dərinlərə işləyib depressiyaya dönməsinə zehnimizin göstərdiyi müqavimətdir. Qısacası, ağlaya bilməyin özü də bir xoşbəxtlikdir. İnsan həmişə güclü olmağa, güclü görünməyə çalışır. Xüsusən, övladı şəhadətə ucalmış, qəhrəmanlıq zirvəsini fəth etmiş valideyn balasının bu böyüklüyü qarşısında özünün ağlamağını gücsüzlük kimi bilir. Onun ucalığına layiq olmaqdan ötrü göz yaşlarını içinə axıdır. Sanki güclü olmaqla ağlamaq bir çərçivəyə sığmaz kimi.

Sən demə, ağlamağın insan orqanizmi üçün faydaları da varmış. Hər hansı bir hissdən, duyğudan yaranan göz yaşları romantik gözyaşları adlanırmış. Romantik göz yaşları digər göz yaşlarından 25 faiz daha çox zülal ehtiva edir. Təzyiqi salıb toksinlərin çölə atılmasını təmin edir. Bədənin yaxşılaşmasına köməkçi olur. Həmçinin, bu göz yaşları sayəsində gözümüz zərərli bakteriyalardan təmizlənir. Araşdırmalara görə, romantik göz yaşları insanı depressiyadan uzaq tutur. Stress hormonlarının bəziləri ağlarkən vücuddan atılır.

Bilirsinizmi, Yaponiyada iş adamlarının ağlayıb rahatlaması üçün xüsusi "Ağlama Klubları" fəaliyyət göstərir? Orada onlara təsirli filmlər göstərilir, duyğusal musiqilər dinlədilir ki, ağlaya bilsinlər.

Eh... Bizdə isə ağlamaq üçün nə çox səbəb var, deyilmi? Çölə çıx ağla, televizoru aç ağla, sosial şəbəkələrə, saytlara gir ağla, biriylə söhbət elə ağla. Dörd yanımız Ağlama Klublarıdır və biz bundan ötrü yaponlar kimi pul da ödəmirik. Əvəzində can ödəyirik, qan ödəyirik.

Lakin nə yazıq ki, ağlamaq bu qədər çox olarkən, fəsadları da qaçınılmaz olur. Məsələn, ağlamaq mədəniyyətinə nə qədər riayət edə bilirik? Bu mövzu da məni elə bu günlərdə, şəhidlərimizin dəfnindən olan videolara və onlara yazılan şərhlərə baxarkən düşündürdü. Ümumiyyətlə, bəzilərimiz dərd çəkməyi, başqasının dərdinə hörmət göstərməyi nə qədər bacarır? Birinin dərdindən PR kimi istifadə edən də, rahat yerində oturub şəhid dəfninə, şəhid məzarına gedənlər də eyiblər tutan da, o dəfnlərə sırf "Tik-tok" kimi sosial şəbəkələrdə reytinq yığmaq üçün gedib, o həngamədə "ekrana tıklayın" sözünü unutmayan da, bilmədiklərini danışıb, bilənləri susduran, yalan informasiyalarla cəmiyyəti vahiməyə salan da yenə bizim aramızdakı "ağlayanlardır". Hə, mən belə ağlamaqdansa, bir ömür daş olmağı, heykəl olmağı üstün tutardım, düzü.

Bütün bunlara baxmayaraq, bizim uğrunda göz yaşı tökəcək qədər sevdiyimiz vətənimiz var. Onu cənnətə çevirmək də, cəhənnəmə döndərmək də öz əlimizdədir. Bu günlərdə belə ümid edirəm ki, şəhidlərimiz üçün damla-damla axan göz yaşlarımız bu torpaqlara sevgi toxumu səpəcək. Və o sevgi toxumu cücərib gözəl fidan, sonra isə köklü-köməcli ağac olacaq. Azərbaycan böyük qələbəsiylə nəhayət, müharibələrə, hərblərə son qoyacaq və balalarımız əl-ələ, diz-dizə o ağacın kölgəsində bir ömür xoşbəxt yaşayacaqlar. Məhz o günlər uğruna canını fəda edən, gözlərimizi yaşlı qoyan şəhidlərimiz də cənnətdən özlərinin əsəri olan bu gözəl tabloya, azad və firavan vətənə baxıb, gülümsəyəcəklər.

Şahanə MÜŞFİQ

Xəbər lenti