Noyabrın 5-də Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək. Forum "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda keçiriləcək.
Tehsil.biz xəbər verir ki, forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
Forumda iştirak ödənişsizdir. Əyani iştirak yalnız dəvətnamə ilə mümkündür. Dəvətnamələr Beynəlxalq Forumun Təşkilat Komitəsi tərəfindən qonaqlara təqdim ediləcək.
Onlayn iştirak üçün müvafiq qeydiyyat linkinə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh
“Daha təhsilli gələcək" şüarı ilə baş tutacaq Forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək. Forum çərçivəsində “Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir?”, “Hansı yeni yanaşmalara, yeni məktəb modellərinə ehtiyac var?”, “Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq?”, “Məktəb həyatını həyat məktəbinə çevirmək üçün hansı çağırışlara cavab verilməlidir?”, “Gələcəyə necə insan hazırlamalıyıq?”, “Yeni çağırışlar təhsilin məqsədi və vəzifələrini hansı istiqamətdə dəyişir və ya dəyişməlidir?" sualları müzakirə olunacaq.
Forum "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini, İƏİT-in "Təhsil və bacarıqların gələcəyi - 2030" sənədini, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı inkişaf məqsədlərindən biri olan keyfiyyətli təhsil məqsədini rəhbər tutur. Forumun əsas məruzəçisi İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer olacaq. Beynəlxalq forumun digər spikerləri barədə yaxın günlərdə məlumat veriləcək.
Sonda arzu edən iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.