Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda “Davamlı şəhərlərdə və icmalarda mədəniyyət iqtisadiyyatı” mövzusunda məruzə dinlənilib, “Şuşadan Şuşa üçün inkişaf impulsları” mövzusunda dəyirmi masalar təşkil olunub.
Tehsil.biz xəbər verir ki, maliyyə eksperti Karl Reinberger məruzə ilə çıxış edib. Məruzədə almaniyalı ekspert dünya təcrübəsindən yararlanaraq Şuşada mədəni iqtisadiyyat sahəsinin inkişaf etdirilməsi barədə danışıb. Diqqətə çatdırıb ki, geniş məlumat bazasının mövcudluğu, beynəlxalq reytinq göstəricilərində yüksək sıralarda yer alması ölkəyə investisiya yatırılması baxımından vacibdir.
“Bu il Azərbaycanda “Şuşa İli” elan olunub. Azad edilmiş ərazilərdə şəhərlərin inşasında “Ağıllı şəhər” konsepsiyasından istifadə olunması vacibdir. Bu, iqtisadi inkişafa müsbət təsir göstərir. Azərbaycanın perspektivi çox genişdir”, - deyə K.Reinberger qeyd edib.
Həmçinin keçirilən dəyirmi masalarda “Mədəni iqtisadiyyat və davamlı iqtisadiyyat azad edilmiş ərazilərdə necə sinerji və sosial təsir yaradır?”, “Mədəniyyət sektorunda dövlət-özəl tərəfdaşlığı və mədəniyyətin maliyyələşdirilməsində səmərəlilik variantları”, “Azad edilmiş ərazilərin bütövlüyü üçün cəmiyyəti bir vasitə olaraq cəlb etmək”, “Mədəniyyət ölkənin xaricdə brendinq strategiyasının fonu kimi” və “Yaradıcı sənayelərdə dairəvi iqtisadiyyat necə gəlir gətirə bilər?” mövzularında müzakirələr və fikir mübadilələri aparılıb, mövzular üzrə suallar cavablandırılıb. Sonra moderatorlar hər bir mövzu üzrə öz tövsiyələrini və təkliflərini bölüşüblər.
Sonda xatirə şəkli çəkdirilib.
Bununla da Şuşada keçirilən konfrans yekunlaşıb. Elmi-praktik konfrans sentyabrın 20-də Bakıda davam edəcək.