Logo

Gömrük Akademiyası Rumıniyada keçirilən tədbirdə təmsil olunub - FOTO

21.09.2022 12:59 80 baxış
IMG

Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Avropa İttifaqının (Aİ) Hüquq-mühafizə Təlimləri Agentliyi (CEPOL) tərəfindən 12-16 sentyabr 2022-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində “İnsan Alveri – Əsas səbəblər və kriminallaşma, sənəd saxtakarlığı. Qurbanların müəyyənləşdirilməsi, mühafizə və yardım” mövzusu üzrə təşkil edilmiş təlimdə uğurla təmsil edilib.

Tehsil.biz xəbər verir ki, təlim CEPOL-un Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün nəzərdə tutduğu, Azərbaycanın da iştirak etdiyi, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və 2020-2024-cü illəri əhatə edən “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsi çərçivəsində təşkil edilib.

TOPCOP təlimində ŞT ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın cinayət təhqiqatçıları, sərhəd nəzarəti əməkdaşları, polis əməkdaşları, həmçinin gömrük xidməti əməkdaşları iştirak edib. Tədbirdə Azərbaycan gömrük xidməti orqanlarını iki əməkdaş – DGK Əməliyyat və İstintaq Baş İdarəsinin baş təhqiqatçısı Mehriban Əsgərova və DGKA şöbə rəisi Samira Osmanova təmsil edib. Azərbaycanın digər hüquq-mühafizə orqanlarının nümayəndələrinin də iştirak etdiyi təlimdə həmçinin Polis Akademiyasının, Baş Prokurorluğun və Dövlət Miqrasiya Xidmətinin də əməkdaşları iştirak edib.

Təlimin məqsədi insan alveri ilə bağlı mövcud tendensiyaları və problemləri təhlil edərək, hüquq-mühafizə orqanları əməkdaşlarının istintaq qabiliyyətini artırmaq, insan alverinin əsas səbəblərini, qurbanların və cinayətkarların profillərini, insan alverçilərinin mövcud işə götürülmə üsullarını araşdırmaqdan ibarət olub. Buna uyğun olaraq, təlim proqramı qabaqcıl təcrübələr, milli mexanizmlər və kriminallaşma, beynəlxalq, regional və Aİ qanunvericiliyi aspektləri, beynəlxalq hüquq-mühafizə/prokurorluq əməkdaşlığı platformaları, qurbanların əsas identifikasiya göstəriciləri, sənəd saxtakarlığı, cinayət məlumatlarının toplanması və təhlili, müsahibə üsulları, insan alveri hallarının aşkarlanması və araşdırılması kimi mövzuları əhatə edib. Təlimin son günü iştirakçılara sertifikatlar təqdim edilib.

Təlimin davamı olaraq, təlimdə iştirak edən əməkdaşlar tərəfindən yuxarıdakı mövzuları əhatə edən təlim kurrikulumlarının yaradılması və əməkdaşların öz ölkələrində təmsil etdikləri qurumların digər əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Akademiya 2021-ci ilin may ayından Azərbaycanda gömrük sahəsində potensialın gücləndirilməsi və təlimlər istiqamətində TOPCOP layihəsinin tərəfdaş və koordinasiya qurumudur.

Xəbər lenti