ABŞ-ın Nyu-York şəhərində keçirilən II Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Nyu-Yorkda yaşayan həmyerlimiz, tanınmış pianoçu, professor Nərgiz Əliyarovanın rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunub.
Müsabiqədə ABŞ, Niderland, Çin, Polşa, Böyük Britaniya, Almaniya, Kolumbiya, İtaliya, Argentina, Bolqarıstan, Gürcüstan, Latviya, İran, Meksika, Filippin, Yunanıstan, Avstriya, Fransa, Türkiyə və Azərbaycanı təmsil edən bəstəkarlar iştirak ediblər.
Münsiflər heyətinin qərarına əsasən, Lin Sen (Çin) müsabiqənin birincisi olub. Jared Destro (ABŞ) II yeri, Roman Czura (Almaniya) və İrakli Areşidze (Gürcüstan) III yeri tutublar.
Fransada yaşayan Azərbaycan əsilli pianoşu Etibar Əsədli müsabiqənin “Şuşa” mükafatına layiq görülüb.
Qeyd edək ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının və Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil məktəbinin məzunu olan beynəlxalq müsabiqələr laureatı, bəstəkar, virtuoz pianoçu Etibar Əsədli hazırda Parisdə yaşayır.