Logo

600-dən yuxarı bal toplayaraq BMU-ya qəbul olan tələbələrlə görüş

21.09.2022 21:29 101 baxış
IMG

2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq  Bakı Mühəndislik Universitetinə (BMU) daxil olan tələbələrlə görüş keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov çıxışında gənc nəslin yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, dövlətə və Vətənə bağlı, bilikli şəxsiyyət kimi yetişməsi üçün ardıcıl işlərin aparılmasının vacibliyindən söz açıb, torpaq uğrunda canlarından keçmiş iğid oğullarımızı ehtiramla anıb, bütün qazilərimizə isə şəfa diləyib. Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Zəfər tarixinin yazıldığı bir dövrdə ölkəmizin gələcək inkişafı naminə hər kəsin, o cümlədən təhsilalanların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.

Tələbələri qazandıqları yüksək nailiyyətləri münasibətilə səmimi qəlbdən təbrik edən rektor cari ildə BMU-ya qəbulun nəticələrinin uğurlu olduğunu bildirib. Statistik göstəriciləri nəzərə çatdıran H.Məmmədov ötən tədris ili ilə müqayisədə BMU-ya qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayının 53 nəfərdən 127 nəfərə, 500-dən çox bal toplayanların sayının isə 219 nəfərdən 314 nəfərə yüksəldiyini, eyni zamanda 127 nəfər arasında 49 nəfərin BMU-nun Cənubi Koreyanın İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramına (İDP) daxil olduğunu söyləyib.

Gələcəkdə peşəkar mütəxəssis olaraq uğurlu karyera qurmaq üçün bu gün əldə edilən yüksək nərticələrin və toplanan yüksək balların bir başlanğıc olduğunu önə çəkən rektor tələbələrə bundan sonra da daha qətiyyət və əzmlə çalışmalarını tövsiyə edib. Bunun üçün universitetdə professional  akademik mühit, münbit şərait yaradıldığını, o cümlədən yüksək və keyfiyyətli tədris, güclü maddi-texniki baza, peşəkar yanaşma, əsaslı kadr hazırlığı, zəngin təcrübənin mövcud olduğunu, təhsilvermə imkanlarının müasir metodlarla daim təkmilləşdirildiyini və inkişaf etdirildiyini nəzərə çatdırıb.

Görüşdə BMU-ya 2022/2023-cü tədris ilində ən yüksək nəticə - 691.3 bal ilə daxil olan, universitetin mühəndislik fakültəsinin Kompüter elmləri ixtisasını (tədris ingilis dilində) seçən Leyla Məmmədli, 643.5 balla BMU-İNHA ikili diplom proqramının Elektrik və Elektronika mühəndisliyi ixtisasına qəbul olan Zərifə Daşdəmirli çıxış edərək qarşıya qoyduqları hədəfə gedən yoldan danışıblar.

Görüşün sonunda H.Məmmədov bütün tələbələrə yeni tədris ilində nailiyyətlər arzulayıb və BMU adından görüş iştirakçılarına hədiyyələr təqdim olunub.

Xəbər lenti