Logo

“Qızların riyaziyyatı öyrənmək qabiliyyəti oğlanlarla eynidir"

21.09.2022 22:14 76 baxış
IMG

UNICEF: "Bütün dünyada qızlar ayrı-seçkilik və gender stereotipləri səbəbindən riyaziyyatda oğlanlardan geri qalırlar"

Birləşmiş Millətlər Təşkilatının Təhsildə Transformasiya Sammiti ərəfəsində UNICEF xəbərdarlıq edir ki, xüsusilə qızlar arasında hesablama qabiliyyətinin zəif olması uşaqların öyrənmə, inkişaf və irəliləyiş qabiliyyətini zəiflədir.

Bütün dünyada qızlar riyaziyyatda oğlanlardan geri qalır,  cinsi və gender stereotipləri əsas səbəblər arasındadır. Bu barədə UNICEF-in bu günlərdə açıqladığı yeni hesabatda deyilir.

Tənliyin həlli: Qızların və oğlanların riyaziyyatı öyrənməsinə köməklik adlı hesabat 100-dən çox ölkə və ərazidən məlumatların yeni təhlilini təqdim edir. Hesabatda belə nəticəyə gəlinir ki, oğlanlar qızlara nisbətən riyaziyyat bacarıqlarına 1,3 dəfə daha çox yiyələnirlər. Bu bərabərsizliklər mənfi gender normaları və qızların riyaziyyatı başa düşməməsi ilə bağlı müəllimlər, valideynlər və həmyaşıdlar tərəfindən dəstəklənən stereotiplərdən qaynaqlanır. Hesabatda qeyd olunur ki, bu, həm də qızların özlərinə inamını sarsıdır, onları uğursuzluğa düçar edir.

“Qızların riyaziyyatı öyrənmək qabiliyyəti oğlanlarla eynidir. Onların çatışmayan cəhəti bu kritik bacarıqları öyrənmək üçün bərabər imkandır,” - deyə UNICEF-in İcraçı Direktoru Katherine Russell deyir. “Biz qızları geridə qoyan gender stereotiplərini və normalarını qırmalı və hər bir uşağa məktəbdə, həyatda uğur qazanmaqda lazım olan əsas bacarıqları öyrənməyə kömək etmək üçün daha çox iş görməliyik.”

Hesabatda, həmçinin qeyd olunur ki, riyaziyyat bacarıqlarına yiyələnmək yaddaşı, qavrayışı və təhlili yaxşılaşdırır ki, bu da öz növbəsində uşaqların yaradıcılığını artırır.
UNICEF xəbərdarlıq edir ki, riyaziyyatın əsaslarına və digər əsas biliklərə yiyələnməmiş uşaqlar problem həll etmək və məntiqi əsaslandırma kimi mühüm fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkə bilərlər.

Hesabatda göstərilən 34 aşağı və orta gəlirli ölkənin məlumatlarının təhlili göstərir ki, qızlar oğlanlardan geri qaldıqları halda, 4-cü sinif şagirdlərinin dörddə üçü əsas hesablama bacarıqlarını mənimsəyə bilmir. 79 orta və yüksək gəlirli ölkədən əldə edilən məlumatlar göstərir ki, 15 yaşlı gənclərin üçdə birindən çoxu hələ də minimum riyaziyyat biliyi səviyyəsinə çatmayıb.

Müəyyənedici amillərdən biri də ailənin sosial rifahıdır. Hesabatda qeyd olunur ki, ən varlı ailələrdən olan şagirdlər 4-cü sinfə qədəm qoyan zaman ən kasıb ailələrin uşaqlarından 1,8 dəfə daha çox hesaba yiyələnirlər. Məktəbəqədər təhsil və valideynlik proqramlarına qatılan uşaqların 15 yaşına qədər riyaziyyat üzrə minimum bacarıq səviyyəsinə çatma ehtimalı belə dərslərə getməyən uşaqlara nisbətən 2,8 dəfə çoxdur.

Hesabatda, həmçinin qeyd olunur ki, COVID-19 pandemiyasının təsiri uşaqların riyaziyyat qabiliyyətinə əlavə mənfi təsir göstərib. Bundan əlavə, bu təhlil hazırda məktəbdə oxuyan qız və oğlanlara diqqət yetirir. Qızların oğlanlara nisbətən məktəbə getmə ehtimalının daha çox olduğu ölkələrdə riyaziyyat üzrə biliklərin ümumi bərabərsizliyi daha da böyükdür.

UNICEF hökumətləri bütün uşaqları keyfiyyətli təhsillə təmin etmək üçün öhdəlik götürməyə çağırır. Biz bütün uşaqların məktəbə qayıtmasını və məktəbi tərk etməmələrini təmin etmək, boşluqları doldurmaq üçün  təhsil və öyrənmə imkanlarını genişləndirmək, müəllimləri dəstəkləmək və onları ehtiyac duyduqları alətlərlə təmin etmək, məktəblərdə təhlükəsiz və dəstəkləyici mühit yaratmaq üçün səyləri və investisiyaları yeniləməyə çağırırıq.

“İndi bütöv bir gənc nəslin təhsili təhlükə altında olduğu üçün boş vədlərin vaxtı deyil. Hər bir uşaq üçün təhsilin transformasiyasını təmin etmək  baxımından biz hərəkətə keçməliyik və bunu məhz indi etməliyik”, -K. Rassel qeyd edir.

Oruc MUSTAFAYEV

Xəbər lenti