Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.
Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.
Eyni zamanda sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcəkdir. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcəkdir.
8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcəkdir. Eyni zamanda Türkiyənin dünya şöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Ziyarətçilər link vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər. Sərgiyə giriş ödənişsizdir.