Logo

Bakı Ali Neft Məktəbi Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq edəcək - FOTOLAR

22.09.2022 13:35 208 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyevlə görüşüb.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, qonaq Ali Məktəbin kampusunu gəzib, burada yaradılan şəraitlə tanış olub və auditoriyalarda tələbələrə Fond haqqında məlumat verib.

Ali Məktəbin rektoru Elmar Qasımov Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyevə bu şərəfli və əhəmiyyətli fəaliyyətində uğurlar arzulayıb. Rəhman Hacıyev Bakı Ali Neft Məktəbində ictimai müzakirələrin, təqdimatların keçirilməsini təklif edib. Ali Məktəbin rektoru Elmar Qasımov isə bu təklifi yüksək dəyərləndirərək birgə tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb. Rektor əlavə edib ki, bu çərçivədə xeyriyyə tədbirləri də keçirilə bilər.

Rəhman Hacıyev bildirib ki, rəhbərlik etdiyi Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, yüksək səviyyədə inkişaf etmiş regiona çevrilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönəlib. Bu istiqamətdə ölkənin ən nüfuzlu ali məktəblərindən biri – Bakı Ali Neft Məktəbinin potensialından istifadə edilməsi və birgə fəaliyyət fayda verəcək.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti