Logo

İlahiyyat İnstitutunun məzunu imam müavini təyin olunub

22.09.2022 16:47 413 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun məzunu Fərid Qasımzadəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidinə imam müavini təyin olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Qeyd edək ki, Fərid Əli oğlu Qasımzadə 4 iyun 2001-ci il tarixdə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 2007-ci ildə Lənkəran rayon A. Əsədullayev adına ümumi orta məktəbə daxil olub və 2016-cı ildə həmin məktəbdə doqquzillik təhsilini bitirib. Daha sonra təhsilini Lənkəran rayon R. Ağayev adına tam orta məktəbdə davam etdirib, 2018-ci ildə həmin təhsil ocağının məzunu olub.

2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasına 404 balla daxil olub, 2022-ci ildə Aİİ-də təhsilini başa vurub. 

Fərid Qasımzadə ali təhsil aldığı müddətdə İnstitutun elmi, mədəni və ictimai həyatında fəal iştirak edib, yüksək göstərici və nümunəvi davranışı ilə fərqlənib. O, əldə etdiyi müvəffəqiyyət göstəricisinə (ÜOMG 98,42) görə, “Dinşünaslıq” ixtisası üzrə İnstitut birincisi olub, ali təhsil müəssisəsini “Qırmızı diplom”la bitirib.

Qeyd edək ki, təhsil aldığı müddət ərzində yüksək akademik nəticələrinə görə, Heydər Əliyev adına təsis edilmiş adlı təqaüdü ən çox qazanan tələbə olub.

O, Aİİ alimlərinin nəzarəti ilə Əllamə Hillinin “Əl-babül-Hadiyə Əşərə” kitabını, həmçinin bir çox klassik əqidə, fiqh, hədis, təfsir və digər islam elmlərinə aid əsərləri ərəb dilində oxuyub bitirmişdir.

F.Qasımzadə Aİİ-də təşkil olunan elmi seminarlarda “Həyata tələbə baxışı”, “İslamla mənəvi terapiya”, “Zahirilik və şüarçılığın ictimai fəsadları” mövzusunda məruzələrlə,  həmçinin məscidlərdə inanclılar qarşısında müxtəlif mövzularda moizələrlə çıxış edib.

Xəbər lenti