Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə jurnalist, tarixçi, türkoloq-alim, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sayılıb-seçilən tarixi roman ustalarından biri Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib.
Tehsil.biz xəbər verir ki, təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, idarə-müəssisə rəhbərləri, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları, şəhər ziyalıları, tarixçilər, tələbə-gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azər İbrahimov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, professor Həsənbala Sadıqov, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, şəhid atası Miryunis Seyidzadə, Qarabağ qazisi, kapitan Mətin Abdinov çıxış edərək, Yunus Oğuzun "Cığır" tarixi romanı barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 davam edən Vətən müharibəsi Rəşadətli Azərbaycan Ordusunun mütləq qalibiyyəti ilə yekunlaşdı. Xalq orduya güvəndi, ordu xalqa arxalandı və 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Zəfər tariximizin qələmə alınaraq, yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Bu baxımdan Yunus Oğuzun “Cığır” tarixi romanı xüsusi önəm daşıyır.
Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunan “Cığır” tarixi romanı Pənahəli xanın Şuşanı inşa etdirməsindən başlayaraq, 8 noyabr 2020-ci il - Şuşanın işğaldan azad edilməsinədək olan dövrü əhatə edir. Əsərdə Şuşa şəhərinin tarixindən, 44 günlük Vətən müharibəsi zamanı və sonrasında əldə olunan nailiyyətlərdən bəhs edilir.
Qələmə aldığı “Cığır” tarixi romanı barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Yunus Oğuz bildirib ki, əsərdəki bütün obrazlar, əsasən öz isimləri ilə adlandırılıblar. Roman obraz çoxluğu və zənginliyi ilə seçilir. Romanın əsas qayəsi "Cığır"dan başlayan Şuşanın "Zəfər yolu"na qədər uzun məsafə qət etməsidir.
Çıxışlardan sonra müəllif yeni nəşr olunmuş “Cığır” romanı və ədəbi fəaliyyəti ilə bağlı ünvanlanan sualları cavablandırıb. Tədbirin sonunda şəhid ailələri və qazilərə "Cığır" romanı hədiyyə edilib, xatirə şəkilləri çəkdirilib.