Kulis.az tanınmış müğənni Mahrux Muradova haqqında maraqlı faktları təqdim edir.
Mahrux Muradovanın Ərdəbil şəhərində anadan olduğu bilinsə də, hansı tarixdə doğulması ilə bağlı məlumat yoxdur. Atası Mirzə Xəlil Şiraqi həkim, din xadimi olmaqla yanaşı, gözəl ney çalmağı, İran və Azərbaycan muğamlarını yüksək səviyyədə oxumağı bacarırdı.
Çoxlu sayda müəssisə və şirkəti olan Şiraqi bəy “Tudə” partiyasının üzvü olduğu üçün 1946-cı ildə Azərbaycana mühacirət edib. Onun Rübabə, Mahrux, Pərvan, Tahirə, Ruhəngiz adlı 5 qızı, Ənvər və Əşrəf adlı iki oğul övladı olub. Onlardan yalnız Ruhəngizlə Tahirə həyatdadır. Övladlarından Pərvanə və Tahirə Salyan rayonunda, digərləri isə Ərdəbildə doğulub. Böyük qızı, unudulmaz müğənnimiz Rübabə xanım 1946-cı ildə İrandan qaçıb gələndə 13 yaşı var idi.
***
Mirzə Xəlil Şiraqinin ailəsində üç sənətkar yetişib. Onlardan biri Rübabə Muradova, digərləri isə Tahirə və Mahrux Muradova bacılardır. Rübabə xanım ölkə səviyyəsində tanınsa da, Mahrux və Tahirə xanımdan çox az insan xəbərdardır.
***
Muğam sənətimizin önəmli simalarından Əhmədxan Bakıxanov xatirələrində yazırdı:
“Mahruq Muradovanın Rübabəyə həm zahiri bənzəyişini, həm də səs oxşarlığını görməmək mümkün deyildi”.
Mahruq Muradova yaradıcılığının ilkin illərində “Lalə” qızlar ansamblının, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Onun repertuarında həm bəstəkar mahnıları, həm də xalq mahnıları, muğam və təsniflər var idi. O, həmçinin Opera və Balet Teatrında müxtəlif rolları ifa edib. Bəstəkar Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Gülbahar rolu ilə yaddaşlarda qalıb.
***
Mahrux xanım səhnə mədəniyyəti, ifa tərzi ilə seçilən sənətkarlardan olub. Sənətkarın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val da buraxılıb.
***
Mahrux xanım bir dəfə ailə qurub. Bu evlilikdən onun bir qızı dünyaya gəlib. Xanəndənin bacısı Tahirə xanım müsahibələrinin birində deyir:
"Həyat yoldaşı onu o qədər çox sevirdi ki, Mahrux hansı konsertə gedirdisə, onun ardınca gedir, çayını, konfetini aparırdı. Mən bu həyatda onların sevgisi kimi sevgi görməmişəm. Onların çox yaxşı qız övladı, nəvələri var. Fəxr edirəm ki, bacımın elə gözəl, təhsilli nəvələri oldu".
Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən Muradova 2002-ci ildə prezident təqaüdünə layiq görülüb. Onun təqaüdə layiq görülməsinin qəribə tarixçəsi var. Şair Vüqar Əhməd bu barədə maraqlı bir faktı açıqlayıb:
“Mahrux xanımla bağlı veriliş hazırlamışdı. Orada dedi ki, şəkərəm, ayağımı kəsiblər, pulum yoxdur, dərman ala bilmirəm, acından ölürəm. Verilişin ertəsi gün Nizami Xudiyev zəng edib qışqırdı ki, 5 dəqiqəyə yanımda ol. Bildim vəziyyət ağırdır, artıq sonumdur. Taksiyə minib, özümü çatdırdım. Dedi, o nədir efirə vermisən? İşdən çıxmaq üçün ərizə yazmağa başlayanda dedi, dayan görüm. Veriliş cənab prezidentin çox xoşuna gəlib, axşam xəbərlərdə Muradovaya prezident təqaüdü verilməsi haqda sərəncam oxunacaq”.
***
Mahruq Muradova prezident təqaüdünə layiq görüldükdən iki ay sonra vəfat edib və Yasamal qəbiristanlığında, bacısı Rübabə Muradovanın məzarının yanında dəfn edilib.
Tahirə Muradov xatirələrini danışarkən deyir:
“Bacım Mahrux Muradovaya da fəxri ad verilmədi. Bu gün onu yada salan da yoxdur. Vallah, səbəbini heç özüm də bilmirəm. Axı Mahrux səhnədə çox olub. Opera və Balet Teatrında çox rollar ifa edib. Bəstəkar Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Gülbahar rolu ilə yaddaşlarda qalıb. Onun səhnə mədəniyyəti, ifa tərzi göz qabağındadır. Xalq tərəfindən sevilən sənətkar idi. İndiki müğənnilər kimi səhnədə fonoqramla oxumazdı. Muğam sənətinin qorunub-saxlanmasında və inkişafında böyük zəhməti, əziyyəti olub. Mahrux sənətini sevən, zəhmətə, əziyyətə qatlaşan sənətkar idi. Onun sənətinə qiymət verilmədiyindən fikirdən şəkər xəstəliyi tapdı. Ölümünə 2 ay qalmış prezident təqaüdü verildi bacıma. Gərək aidiyyəti orqanlar, Mədəniyyət və Turizm Nazirliyi heç omlasa Mahrux Muradovanın sənətinə qiymət verəydi. Özünü "ulduz" adlandıran xalq artistlərindən Mahrux qat-qat yaxşı oxuyurdu”.
Sənətkarın bir çox mahnıları Dövlət Televiziya və Radiosunun “Qızıl fondu”nda qorunur.