Bu gün məşhur şair Məmməd Aslanın anım günüdür. Kulis.az bu münasibətlə şair haqqında maraqlı faktları təqdim edir.
Məmməd Aslan Azərbaycan xalq dilini ən yaxşı bilən beş-üç şairdən biri hesab olunurdu.
***
Amma sevdiyi qadınları, necə deyərlər, dəlicəsinə sevib. Özü də bunu təsdiq edib:
“Sevəndə dəlicəsinə sevmişəm”.
Sonra isə təəssüflə əlavə edib:
“Amma indi Allahdan başqa sevdiyim yoxdur”.
***
Sağ gözü 10 faiz görürmüş. Əməliyyat olunub. Dediyinə görə, onu italyan həkim kor eləyibmiş:
“Məni aldatdılar. Çox təriflədilər həkimi. Əməliyyat 15 dəqiqə çəkəcək dedi, 2 saat sürdü...”
***
“Avropa” qəzetindəki müsahibəsində el şairi Sücaət onun haqqında qəribə bir faktı dilə gətirmişdi: gözlərini əməliyyat edən həkimi Məmməd Aslan tanıyırmış, onu öyrədibmiş ki, Sücaəti kor elə. Buna görə, Sücaət ondan küsülü ölüb. Halbuki xalauşağı idilər.
***
Heç vaxt kitablarını satışa vermirmiş. Həmişə dostlarına paylayırmış. Yalnız kitab qədri bilən dostlarına...
***
Ağac mövzusunda 500 səhifəlik kitab yazıb. Adı da “Adəmdən günümüzə ağac”.
***
Səpib göyərdərəm sözü, kəlməni
Ayrı sənətim yox, ayrı işim yox
Tanıtsa bir misram tanıdar məni
Ayrı sənədim yox, arayışım yox
Bu şeir üç bənddir. Məmməd Aslan bu şeiri 3 ilə yazıb. Uyğun qafiyə tapa bilmirmiş.
***
İçkini heç vaxt yüz qramdan artıq içməyib. Şəkər xəstəliyini tapanda 100 qramı 30 qram eləyib. Deyirmiş, içki daxili orqanları hərəkətə gətirir.
***
Ən çox oxuduğu iki şair olub. Heç vaxt əlindən düşməzmiş. Aşıq Ələsgər və Füzuli. Özü bu haqda deyirmiş:
“Möminlərin bir qibləsi var, şairlərin iki: Füzuli və Aşıq Ələsgər.”
***
Ən böyük arzusu Kəlbəcəri görmək imiş. Deyirmiş, heç olmasa ölümümdən azca əvvəl bir anlığa Murovun başından Kəlbəcərə baxım.