Logo

İnternat məktəblərinin yüksək ballı məzunları - FOTOLAR

23.09.2022 12:58 131 baxış
IMG

Uğur hekayələrini yazan gnclər

Yeni tədris ili başladı. Ənənəvi olaraq ötən tədris ilinin nəticələrinin saldığı işıq səhvləri də, doğruları da gün üzünə çıxartdı. Məktəblər verdiyi təhsilin keyfiyyətinin ən önəmli indikatorunun - şagirdlərinin buraxılış və qəbul imtahanlarında göstərdiyi nəticələrə əsaslandı. Əksəriyyəti, o cümlədən ölkəmizdəki internat tipli təhsil müəssisələri öz nəticələrinə baxıb öyünənlərdən oldu. Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-lisey, Şamaxı Texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey, Lənkəran şəhərindəki Xarici dillər  təmayüllü internat tipli gimnaziya, Ağdaş rayonunda fəaliyyət göstərən M.Şeyxzadə adına internat  tipli Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin məzunları 2022-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarının fərqlənənlərindən oldular.

Özünə inandı, zəhməti ilə qazandı

Kəmaləddin Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin bu il iki məzunu yüksək balla tələbə adını qazanaraq fərqləndi. Onlardan biri - Aysel Rəhimli 674 balla Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə ingilis dilində təhsil alır. A.Rəhimlinin uğurunda  Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseylə yanaşı, başqa təhsil müəssisələrinin də payı var: “Hərbiçi ailəsində anadan olduğum üçün çox məktəb dəyişmişəm. İbtidai sinfi Xudat şəhər 3 nömrəli məktəbdə, VIII sinfi Biləsuvar rayon Ə. Eynullayev adına 4 nömrəli məktəbdə bitirmişəm. IX sinifdə imtahan verərək  Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil almaq haqqı qazandım və 2 il orada oxudum. Ancaq sonra “COVID”ə yoluxdum və məcburən liseydə davam edə bilmədim. XI sinfi rayonda, yəni Biləsuvar rayon K.Ağayev adına internat tipli məktəb-liseydə davam elədim və burdan məzun oldum”.

Aysel hesab edir ki, uğuru hansı məktəbdə oxumağından asılı olmayaraq, müəllimlərinin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyinə görədir: “Məktəbə getdiyim ilk gündən dərslərimə həvəslə və məsuliyyətlə yanaşdım. Hər gün hazırlıqlı olmağımla fərqləndim yaşıdlarımdan”.

Ayseli yaxşı oxumağa, bilik və bacarığı ilə fərqlənməyə, hazırlığı ilə üstün olmağa ailəsi həvəsləndirib. Atasının gözündəki Aysel olmaq balaca Aysel üçün o qədər də çətin deyildi: “7 yaşımdan atamla birgə intellektual yarışlara baxırdıq. Atam məni də o yarışlarda görmək istəyirdi. Onun bu arzusunu 2020-ci ildə Təhsil Nazirliyinin dəstəyi ilə İctimai televiziyada yayınlanan “Əlaçı” verilişinə qatılmaqla gerçəkləşdirdim. Ümumiyyətlə, ailəm hər zaman mənə güvənib. Buraxılış və qəbul imtahanlarında da yüksək nəticə əldə edəcəyimə ən çox onlar inanırdı. Atam məndən 650 baldan yuxarı nəticə gözləyirdi. Mən gözlədiyi nəticəni ona verdim, 674 bal topladım”.

Aysel onun təhsilində, yetişməyində müstəsna rola sahib babasına xüsusilə minnətdardır. O, tanınmış yazıçı, jurnalist Əlibala Rəhimovun nəvəsidir: “Babam cəmiyyətdə çəkisi olan, mükəmməl yazıçı olmaqla yanaşı, mənim də həyatımda, təhsilimdə böyük rola sahibdir. Uşaqlıqdan məni oxumağa o həvəsləndirib. Əfsuslar olsun ki, bu uğurumu görməyə, qəzetinizdə barəmdə yazılacaqları oxumağa ömrü yetmədi. Amma uğurumda payı olan biri kimi, hər zaman ən çox ona minnətdar olacağam”.

Ayselin qənaəti budur ki, özünə güvənən hər kəs uğur qazanır: “Məncə uğurun 2 əsas açarı var, ilki inamdır, ikincisi isə çox çalışmaq. Yəni, əslində, hər şey bu qədər sadədir, sadəcə dərslərdən yayınmamaq və məsuliyyətli olmaq lazımdır. Özümə inandım və zəhmətimlə uğur əldə etdim. İndi Azərbaycanın top universitetlərindən biri olan Bakı Ali Neft Məktəbinin tələbəsiyəm”.

Özünə bu imtahanın əhəmiyyətini xatırlatdı

Xumar Məmmədova da Kəmaləddin Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin məzunudur. O, 621 balla   BDU-da Dövlət və ictimai münasibətlər ixtisası üzrə ingilis dilində təhsil alır: “Məktəbə başladığım ilk gündən həvəslə, maraqla oxuyuram. Hətta deyə bilərəm ki, qəbul imtahanlarına aşağı siniflərdən hazırlaşmağa başlamışam. Belə ki, dərslərimi sanki qəbul imtahanına hazırlaşırammış kimi öyrənirdim. X sinifdən etibarən sahəni bir az daraltdım. Artıq kim olmaq istədiyimə qərar verdiyimdən bu istiqamətdə bilik əldə etməyə üstünlük verirdim. Yəni, imtahan fənlərinə uyğun məşğələlərə başladım. Məktəbdə dərslərimizin keyfiyyəti yaxşı idi. Lakin pandemiya dövründə məktəbə gedə bilmədiyimizdən əlavə məşğələyə ehtiyac duydum”.

Təhsilə və inkişafa həvəsi olduğunu deyən Xumar əlavə edir ki, necə oxumağın da uğurlu nəticədə böyük rolu var: “İmtahana hazırlaşdığım 2 il müddətində dərslərimi çox yox, effektli oxumağa çalışdım. Beləliklə, vaxt itkisinə də yol vermədim”.

Oxumaq işin böyük hissəsidir. Ancaq oxuduqlarının effektini artıracaq məşğuliyyətlər də çox önəmlidir: “Dərsdən, oxumaqdan əlavə əsas məşğuliyyətim musiqidir. Musiqi dinləməyi sevirəm. Dərs oxumağa fasilə verdiyim müddətdə musiqi dinləyirəm. Musiqi beynimi rahatladır, sakitləşdirir, yorğunluğunu götürür”.

Bəzən yorğunluğun təsiri ilə bezdiyi vaxtlar da olub: “Daim oxumaq lazım idi. Oxuduqlarımın nəticəsini görməyə uzun müddət tələb olunurdu. Belə vaxtlarda özümə bəzi vacib məqamları təlqin etməli olurdum. Məsələn, bu imtahanın mənim üçün nə qədər böyük əhəmiyyəti olduğunu özümə xatırladırdım. Bu, mənə motivasiya verirdi”.

Xumar həm də başqalarının uğurlarından stimul alıb. “Əvvəlki illərdə yüksək bal toplayan şagirdlərin uğur hekayələrini dinləməyi sevirdim” - deyir: “Bu nəticəni göstərə bilməyimdə ən böyük dəstəkçim ailəm olub. Müəllimlərim həm məktəbdə, həm də əlavə məşğələlərlə məni düzgün istiqamətləndirib, həvəsləndirib, ruhlandırıblar. Ona görə də bu gün ən çox ailəmə və müəllimlərimə minnətdaram”.

Həkim olmaq istədi, çox oxudu

Ülkər Hüseyinzadə  2011-ci ildən, ta birinci sinifdən Ağdaş rayon Maqsud Şeyxzadə adına internat tipli Texniki, humanitar, təbiət fənləri təmayüllü gimnaziyada oxuyub. Bu 11 ildə hər zaman  müəllimlərindən qayğı, diqqət gördüyünü deyir. Özü də tək o yox: “Muəllimlər hər birimizə fərdi yanaşaraq suallarımıza cavab tapmağımıza, bunu nəcə edəcəyimizə dair ipucu verərək kömək ediblər. Nə zaman çətinliyimiz olsa, onun məktəbdə çözüləcəyinə inanmışıq. Bunun nəticəsidir ki, mənimlə oxuyanların böyük əksəriyyəti ali məktəblərə daxil oldular”.

Ülkər artıq tələbədir. Bu il 611 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub: “Həkim olmaq uşaqlıqdan ən böyük arzumdur. Bu arzumun gerçəkləşməsi üçün çox çalışdım. Ancaq mənim üçün oxuyaraq açdığım səhərlər bitməyib, bundan sonra da çox çalışacağam. Çünki hələ həkim deyiləm. Yaxşı həkim olmaq üçün  çox oxumalı, öz üzərimdə işləməliyəm. Bu məqsədlə təhsilimi xarici ölkədə davam etdirmək istəyirəm. Yaxşı həkim olmaq üçün əlimdən gələni edəcəyəm. Çünki yaxşı həkim olub xalqıma xidmət etmək istəyirəm”.

Bir gün həkim olacaqsa, ən böyük pay ona bu yolda maddi və mənəvi dəstək olan ailəsinin olacaq: “Valideynlərim ilk addımlarımı atmağa başlayandan ilk qərarlarımı verdiyim günə qədər hər zaman mənə dəstək olub. Onların yanımda olduğunu bilmək mənə güc, ilham verir. Buna görə ən çox onlara minnətdaram”.

Klassik musiqi, meditasiya və kitablar...

2022-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarının nəticəsi olaraq 660 bal toplayaraq tələbə adı qazanan Vüqar Dünyamalıyev bir neçə il sonra neft-qaz mühəndisi olacaq. Bakı Ali Neft Məktəbinin tələbəsi Şamaxı Texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli liseydən məzun olub.

Bu uğur üçün o da illərdir məqsədyönlü şəkildə hazırlaşanlardandır: “Məktəbimizin, müəllimlərimin verdiyi istiqamət, virtual mənbələr sayəsində hazırlığımı bu səviyyəyə çatdıra bildiyimi düşünürəm”.

Hərçənd Vüqar hazırlıqlara başqalarından gec başlayıb, amma lazım gələrsə, öz taleyini dəyişmək iqtidarında olduğunu hələ uşaqlıqdan göstərib: “Uşaq vaxtı çox dəcəl idim, oxumağı sevmirdim. Amma sonradan qarşıma hədəf qoydum, dəyişdim. Yaşıdlarımla aramdakı geriliyi aradan qaldırmaq üçün çox çalışdım”.

Vüqar oxumaqla yanaşı, meditasiyanın gücündən də yararlanır: “Günə erkən başlayıram. Məsələn, saat 4-də oyanıb meditasiya edirəm. Klassik musiqiyə qulaq asıram”.

Ağır, saatlarla oxuması tələb olunan o gərgin dövrü Pomodoro taktikası ilə tənzimləyib. Həyat tərzini dəyişib, sağlam və güclü olmağa çalışıb: “İmmun sistemini güclü saxlamaqla insan hər məqsədinə nail ola bilər. Çünki immun sistemi zəifləyəndə xəstələnir, xəstələnəndə isə geri qalırsan. Bir neçə günlük xəstəlik böyük problemlərə gətirib çıxarır. Məsələn, xəstə olduğun günlərdə rəqiblərin bir xal qabağa düşür, onlarla arandakı məsafə hər gün bir az böyüyür”.

Ən böyük məqsədi isə insanlara, dünyaya faydalı olmaqdır: “Hər bir azərbaycanlı kimi mən də vətənə, millətimə xeyrim olsun, istəyirəm. Bu, mənim ən böyük arzumdur. Hədəfim xaricdə təhsilimi davam etdirib yaxşı mütəxəssis kimi yetişməkdir. Vətənimə təcrübəli mütəxəssis kimi qayıdıb öz sahəmdə faydalı işlər görmək ən böyük hədəfimdir”.

Hekayəsinə uğur yazdıranlar

Onların hər biri ayaqlarını yerə inamla, qətiyyətlə atan gələcəyi parlaq gəncdir. İddialı, qərarlı, qətiyyətli obrazları ilə qarşılaşdıqları hər kəsdə dərin iz buraxırlar. Formalaşma prosesi hələ davam edən bu gənclər öz uğur hekayəsini yazmağa çoxdan başlayıblar.

Hekayələrinizin davamını maraqla gözləyirik...

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti