Logo

AzMİU ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

24.09.2022 10:29 270 baxış
IMG

Rusiya Federasiyasının Həştərxan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru dosent Fadina Anqelina Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva ilə görüşüb.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulması, eləcə də potensial imkanlar barədə müzakirələr aparılıb.

Professor Nərgiz Abdullayeva AzMİU haqqında geniş məlumat verib. Bildirilib ki, universitetin 8 fakültəsində bakalavriat səviyyəsində 25, magistratura səviyyəsində 26 ixtisas üzrə 10 mindən çox tələbə, o cümlədən 700-ə yaxın əcnəbi tələbə təhsil alır. Beynəlxalq əməkdaşlığın önəminə toxunan prorektor AzMİU-nun dünyanın 4 qabaqcıl ali təhsil müəssisəsi – İstanbul Texniki Universiteti, Milan Politexnik Universiteti, Leiria Politexnik İnstitutu və Korunya Universiteti ilə ikili diplom müqavilələrinin olduğunu, bu müqavilələr çərçivəsində uğurlu tələbə mübadiləsinin həyata keçirildiyini qeyd edib. Universitetin beynəlxalq təhsil layihələrində aktiv iştirak etdiyini deyən professor Nərgiz Abdullayeva bu layihələr çərçivəsində də uğurlu əməkdaşlıqların qurulduğunu deyib.

Dosent Fadina Anqelina qeyd edib ki, 1932-ci ildə yaradılan Həştərxan Dövlət Universiteti Xəzəryanı Dövlət Universitetləri Assosiasiyasının üzvü, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı Universitetlərini təşkil edən 16 əsas Rusiya universitetindən biridir. İki minədək xarici vətəndaşın, ümumilikdə 12 mindən çox tələbənin təhsil aldığı universitetdə humanitar ixtisaslarla yanaşı, texniki, o cümlədən memarlıq və dizayn üzrə ixtisasların olduğunu deyən prorektor AzMİU ilə əməkdaşlıq imkanlarının mövcudluğuna diqqət çəkib.

Tərəflər əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın qurulması istiqamətində qarşılıqlı səfərlərin təşkilinin, görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti