Logo

Nazir Türkiyədə təhsil almaq üçün seçilən polis əməkdaşlarını qəbul edib

24.09.2022 12:23 295 baxış
IMG

“Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2022-2023-cü tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində təhsil almaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə  20 yer ayrılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Nazir, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 20 gənc əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib.

Bu münasibətlə seçilmiş əməkdaşları qəbul edən daxili işlər naziri Vilayət Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərlərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O, əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan Polisini, xalqımızı şərəflə təmsil edəcəklər.

Xəbər lenti