Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəb qəzalı vəziyyətdədir.
Tehsil.biz xəbər verir ki, məktəbin yararsız vəziyyətdə olduğunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, məktəbin uçma ehtimalının olması və sinif otaqlarının həddən artıq soyuq olması rayon sakinləri arasında təşvişə səbəb olduğu bildirilir.
Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirildi ki, respublikamızın bütün bölgələrində olduğu kimi Ağsu rayonunda da məktəb binaları mərhələli şəkildə əsaslı təmir edilir və yenisi tikilir:
"Buna misal olaraq, 15 sentyabr 2022-ci il tarixdə yüksək səviyyədə əsaslı təmir edilərək şagirdərin istifadəsinə verilən Ağsu şəhər 5 saylı tam orta məktəbin binasını göstərmək olar. Ağsu şəhər 2 saylı tam orta məktəb üçün isə yaxın zamanlarda yeni binanın tikintisi və ya əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur".
İdarədən həmçinin qeyd olunub ki, həmin fotolarda görünən sinif otaqlarında hal-hazırda dərs tədris olunmur.