Kulis.az Rəvan Cavidin tərcüməsində Burhan Sönmezin “Dünya ədəbiyyatı ümidmi, imkansızlıqmı?” essesini təqdim edir.
“Dünya ədəbiyyatı mümkündürmü?” sualı uzun müddətdir fərqli müstəvilərdə müzakirə olunur.
Fredrik Cemsonun 1986-cı ildə “Çoxmədəniyyətli kapitalizm çağında üçüncü dünya ədəbiyyatı” adlı məqaləsi bu müzakirəni daha da qızışdırdı. Məqaləyə ilk cavabı Ayjaz Əhməd verdi. Və onu başqa adlar izlədi.
Üçüncü dünya ədəbiyyatlarının qaçılmaz olaraq milli xəyanət xüsusiyyətlərini daşıdığını bildirən Cemsona qarşı etnosentrik və oryantalist olmayan bir baxışın mümkün ola biləcəyini deyirdilər.
Dünya ədəbiyyatının artıq mümkün olduğunu dilə gətirən Hötenin bu ilhamla yazdığı “Şərq-Qərb divanı”nın (1819) yayımlanmasından iki yüz il keçməsinə baxmayaraq eyni suallar hələ də gündəmdədir: Dünya ədəbiyyatı mümkündürmü? Milli dillərin və ədəbiyyatların dünya ədəbiyyatı anlayışındakı yeri nədir?
Sual dünya ədəbiyyatı ifadəsindəki sözlərin özündən başlayır. Dünya nədir? Ədəbiyyat nədir? Uzun müddətdir, hakim düşüncəyə görə dünya planetin hamısında deyil, inkişaf etmiş Qərbdə təmsil olunmaqdadır. Kürə formasında olan bir planetdən ziyadə, həm də piramida şəkilli mədəniyyətlərin planeti var. Əsas mövzu qatlar və siniflərdir. Mərkəz-çevrə münasibətləri, iqtisadiyyatdakı qeyri-bərabər inkişaf qaydasında olduğu kimi mədəniyyətlərin də bərabər olmayan inkişafına təsir edir. Ya da mərkəz ətrafındakıları (ilk vaxtlarda) asanlıqla çəkə bilir. Fransua Fenelonun “Tərcüme-i Telemak” romanının fərqli qərbləşmə məcraları olan Rusiya, İran və Osmanlıda müxtəlif zamanlarda yayımlanan ilk roman olması bu konteksdə diqqətə dəyər: bu cür münasibətlər başlanğıcda adi gələ bilər. Nə zaman ki, ədəbiyyatın modern ünsürləri perifer ölkələrdə də daimi bir hal alır, köhnə formalarla dirsəkli bir əlaqə quran və özünə geri axacaq məcra tapan ədəbiyyat öz fərqliliyində və məlumatlılığında yol alır, beləcə ədəbiyyatlar qeyri-bərabər inkişafa meyllənir. Bu bərabərsizlik mərkəz-mərkəzəqaçma münasibətinin əksinə yönəlir. Belə bir tərzin ən canlı örnəyi romandır. Nağıl və hekayə danışmaq, şeir və dastan demək min illərdir var olarkən, roman cəmi dörd yüz il öncə Avropada yarandı, orada inkişaf etdi və yayıldı. Modern romanın türk və erməni dilində ömrü təxminən yüz əlli il, kürtcə isə yüz ildən daha gəncdir. Burada əlaqəli ifadənin ikinci sözü olan “ədəbiyyat” dövrəyə girir. Mövcud olduğumuz zamanda ədəbiyyat nəyi ifadə edir? (Afrika dillərində və ya Osmanlıda ad olaraq ədəbiyyatın bir neçə janrı olmasına baxmayaraq, on doqquzuncu əsrin sonunda bu anlayışın yaranmağını xatırlamağa dəyər). Ədəbiyyat hekayəni, şeiri, dastanı, nağılı, esseni, romanı – bütün janrları qeyri-bərabər inkişaf prosesində olsa da, təmsil etməyə səy göstərir. Amma növlər yaranar, təkmilləşər, məhv olar və bizə sadəcə klassiklər qalar – “İliada”və ya “Min bir gecə nağılları” kimi.
Çağımızda isə roman daha çox diqqət çəkir və digər janrlar üzərində hakim oldu. Romantizmin, üsyanın, ümidin və sevginin ədəbiyyatını təmsil edən şeir belə hər qitədə geri çəkildi. Romanın bu qədər məşhur olması modern həyatın insanlara yetrincə boş zaman buraxmaması ilə ziddiyyət təşkil edir. Hər kəs dəlicəsinə və ya bezgin işləyir, böyük şəhərlərin çətinlikləriylə boğuşur, televiziya seyr edir, ağıllı telefonlarla oynayır. Belə bir zaman tempində daha qısa mətnlərin populyarlaşması ağla batandı. Hekayə və ya şeir kimi qısa zamanda oxuna biləcək mətnlər. Lakin elə olmadı. Hötenin “insanın planetar mülkü” dediyi şeirin yerini alan roman yüzlərcə səhifəlik həcmiylə boş zamanı azalan insanların həyatında daha çox qəbul edildi. Mixail Baxtin kimi fikir adamları bunun səbəbləri barədə geniş araşdırmalar etdi. Ədəbiyyatın modern çağında romanın xüsusiyyətlərini, onun toplum və fərdlərlə münasibətini qavramağa çalışdılar.
Söylənənlərdən biri bu idi: Romanın müəyyən edilə bilməyən sərhədləri özündən öncəki hər bir ədəbiyyat növünü (şeiri, nağılı, dastanı və s.), hətta başqa sahələri də (fəlsəfə, psixoanaliz, tarix, sosiologiya və s.) ifadə etmə gücünü göstərir. Mətinlərarası, janrlararası və başqa nüanslar roman üçün əlverişlidir və onun genişlənməsinə imkan yaradan detallar halına çevrilir. Hər cür təhkiyə üsulu və hadisələr qara dəliyə bənzəyən roman tərəfindən udulur. Dünyanın bütün ifadə tərzləri romanın içində həll olarkən, roman özü də bütün dünyaya coğrafi və mədəni müstəvidə yayılmaqdadır (zamanın qısqacına qarşı uzun mətnlərlə dirənmək, sıradan bir fərdin beləcə öz varlığında dinc bir köşə yaratmağın mümkünlüyünə inanması da səbəblərdən biridir).
Dünya ədəbiyyatı tarixin bir mərkəzə toplanmasını və o mərkəzin də bütün dünyaya yayılmasını vurğulayır. Roman üçün çox gözəl bənzətmədir, çünki roman da bütün janrları özündə cəmləşdirib böyük ölçüdə ədəbiyyat janrına çevrilməkdədir. Amma insanlığın mədəni dəyişikliyindəki bu istiqamətin narahatlıq yaradan tərəfləri də var. Söhbət mədəniyyətlərin və mədəni formaların öz içində daim qeyri-bərabər inkişafından gedə bilər, amma inkişafla bərabər bərəbərlik və plüralist olmağın ziyanı nə idi? Bəs hələ də belə bir imkan varsa, bu necə aktuallaşa bilər? Narahatlıq iki səbəbdən yaranır. Birincisi, roman xaricindəki digər janrların arxa plana düşməsinin qarşısını necə almaq olar? Daha doğrusu, bu mümkündürmü? Bunun mümkün olmadığı söylənilir. Hər inkişafın təbii təkamülünün (epik və nağılların çox keçmişdə qalması kimi) olduğu vurğulanır. Bu gün beynəlxalq yayın şəbəkəsində saf romanların, yeni romançıların ana gövdəni işğal etməsi bunun bir sübutudur. Amma keçmişdə qalan ədəbi janrların yeni yarananların içində hələ də yaşadığı danılmazdır. Roman digər ədəbi növləri ölümdən xilas edir, onları öz içinə alıb yoğurur, yeni bir nəfəs verir. Özü də bu halda yeni bir həyatla tanış olur. Narahatlığın ikinci səbəbi artıq burada görünür: Roman hər kəsin və hər coğrafiyanın səsini ona uyğun şəkildə təqdim edə bilərmi? Bu suala yetkin cavab vermək son bir əsrdə mümkündür. Qərb təfəkkürünə qarşı çıxan antikolonyalizm mübahisələri (Jozef Konroda qarşı çıxan Şinue Aşebenin tənqidini misal çəkə bilərik), kişi dominantlığına qarşı qadınların mövqeyinə münasibət (Virciniya Vulfdan yeni feminist baxışlara qədər böyüyən bir dalğa), bazarın monopoliya ilə idarə olunmasına qarşı etirazlar (azad yayın evlərinin və azad kitabxanaların yenidən yenidən qurulması) kimi xəbərdarlıq fişəngləri ədəbiyyat dünyasını bir səmtdə tutmaq arzusundadır və günbəgün daha aktiv müzakirələrə səbəb olur. Və bu zəmində hər beynəlxalq səviyyəli dil öz ədəbiyyatını digərlərinə daşımağa çalışır.
Milli dillərin ədəbiyyatın içindəki anlamı və missiyası da dəyişir. Bir neçə əsr əvvəl cəmiyyətlərin yeni sosial əhvalı yeni bir ədəbiyyat janrını – romanı ortaya çıxardı. Sənaye toplumları yaranır, yeni siniflər müəyyən edilir, böyük şəhərlər qurulurdu. Şəhərlərin qarmaşasında çabalayan yeni insan – fərd – formalaşmaqda və böyük imperatorluqların nisbətən təsir edici, zəif və plüralist mədəniyyətinin yerini konkret sərhədlər və qaydalarla müəyyənləşmiş millətlər alırdı. Əvvəllər yazarlar bu milliliyi şişirdərək, daha doğrusu ona aid olmağın həzzi ilə yazırdılar, indi isə milliliyin sərhədlərinə həbs olunmadıqlarını göstərmək üçün yazırlar. Əvvəllər ədəbiyyat millilik yaratmağın bir vasitəsi kimi görünürdüsə, indi milliliyi aşmağın yolu kimi təyin edilir. Dünya ədəbiyyatı gerçəkləşmək üçün millətlərin siyasi olaraq qarışmasını gözləmir, ayrı-ayrı millətlər var olarkən belə ədəbiyyat onlara qarşı çıxmağın bir yolunu tapır, ya da yaradır. Sonda millətlər tək qalmış bir mövhumdur, “Komunist manifesti”ndə deyildiyi kimi, Dünya ədəbiyyatına qarşı tək yanlı və sərhədləri olan üfiqə sahibdir. Milli ədəbiyyat bir zaman üçün lazım olan mərhələ idi, amma onun daxilindəki parçalanmalar fərqli mövqeləri yaratdı və bu mövqelər milliliyin alt qatına enərək onun hər bir xüsusuiyyətini bəşəri düşüncə ilə ələ alıb inkişaf etdirdi. Bu baxımdan Dünya ədəbiyyatı həm milli ədəbiyyatın öz içində inkişafına təsir edir, həm də onu aşır. Yeni dil bir yandan millətlər arası, digər yandan millətlər xarici bir dildir.
Toplumlar modern çağa qədər keçən təxminən iki min ili qiyamət qorxusuyla yaşamışdır. Kabus həyatın başqa bir anlamıydı. O zamanlar kabus içində karnavalların qələbəlik səsi axtarılırdı. Sonra aydınlanma dövrü ilə ümid çağı başladı. Bu coşqu iki əsr davam etdi. İyirminci əsrdə ədəbiyyat yeni dövrün qiyamətindən yazdı, yəni xəyalların kabusundan. Qarşı tərəfi də təmsil etmək hüququnu istifadə edən ədəbiyyat bir yandan kabusun içindəki xatirələri yazarkən, digər yandan da xatirələrin içinə sığınmış kabuslardan danışdı. “Heç bir şey göz önündəki faktdan daha aldadıcı ola bilməz” deyən Şerlok Holms haqlı idi. Epik mətnlər tragik finallara önəm verir, faciə həmişə mətnin əvvəlindən hiss olunurdu. Nağıllar isə “happy end”lə bitirdi. Roman faciə ilə xoşbəxtliyi iç-içə keçirdi və mətnin sonuna deyil, mərkəzinə yerləşdirdi. Yeni dövrün ədəbiyyatı həm faciənin içindəki xoşbəxtliyi, həm də xoşbəxtliyin içindəki faciəni axtardı.
Romanın işi bütün real faktları aşmaq idi. Bu, ümumi mühakimə və azad ədəbiyyat yaratmağa daha əlverişli idi. Lakin roman hər yerdə eyni dillə oxunmur və eyni cür başa düşülmürdü. “Parçalanma” romanının yazarı Şinua Aşebe öz cəmiyyətindəki faciəvi bir hekayəni yazarkən qərblilər bu romana antropolojik məna yükləyirdilər, Aşebe isə elə məhz bu mənanın qurbanı olanların faciəsini danışırdı. Romanın mövzusunu deyil, romanda nəyin yazılmadığını araşdıran Terri Egleton Qərbdə yaranan yeni mətnləri süzgəcdən keçirirdi. Və digər yanda da Salman Rüşdi “Hindistandan bəhs edən bir romanda nəyə görə hindli biri bəyaz bir ingilisə təcavüz edər?” sualını gündəmə gətirirdi. Bu cür mübahisələr bəşəriliyin önündəki əngəlləri göstərərkən bəlkə də o əngəllərin çarəsini tapmağın yollarını da çoxaldırdı. Qeyri-bərabər inkişaf qanunu hələ də keçərlidirsə, indi mərkəzdən xaricdəki mədəniyyətlərin ədəbiyyatı daha aktualdır. Bəşərilik modern çağda Şekspirlə başladı. Ondan əvvəl Homer də , “Min bir gecə nağılları” da bəşəri idi. Amma onların bəşəriliyi sonrakı dövrlərə yayılaraq yeni həyat taparkən, günümüzdə dünya ədəbiyyatı bu imkanı indiki zamanda tapmaq marağındadır. Bu müzakirələrdə unudulan tərəf bəşəri mətnləri oxuyan bəşəri oxucuların olub-olmamasıdır. Bu gün keçmişə nəzərən daha çox oxuyan, texnolgiya sayəsində dünya ilə daha tez əlaqəyə girən, intellektual, gözləntiləri daha çox olan və dərinləşən oxuyucularin şüuru bəşəri ədəbiyyatın əsasını qoymaqdadır.
Dünya ədəbiyyatı anlayışında tədirginlik yaradan mövzulardan biri də hər kəs üçün hesablanmış, hər kəsə rahat olacaq bəsit mövzuların meydana çıxması, mətnlərin kütləviləşməsidir. Bu ehtimal oxucunu passiv bir alıcı olaraq görən tək yönlü mövqeyə əsaslanır. Oxucunun şüuru, intellekti müxtəlif yerləri və onların daxilindəki dinamik insanları qəbul edəcək səviyyədə ikən, dünya ədəbiyyatı daha azına qane olmayacaqdır. Polulyar, bazar məhsullarının yayqın olamayacağı qənaətinə gəlmir bu. Bütün zamanlarda bu cür məhsullar dəbdə olacaq. Lakin ədəbi mətnlər (belə olan halda da) zamanı aşa bilməz. Romanın bəşəriləşməsi oxucunun – fərdin dünyəviləşməsindən keçir. Və dünyəvi adlandırdığımız şeyin coğrafiyaların fərqli müstəvilərdə bir-biri ilə danışa biləcəyi kəşf olunanda yerli ədəbiyyatın, əslində, dünyəvi ədəbiyyatdan bəsləndiyi, zənginləşdiyi bilənəcək. Lakin belə olan halda da bestseller ədəbiyyatının “daha çox vaxtda populyar olan” ədəbiyyatla əvəzlənəcəyi təhlükəsi yarana bilər. Yəni, populist ədəbiyyat daha uzun zaman aktual olacaq.
Bəşəriləşmə sadəcə ədəbiyytın deyil, həm də sosialogiyanın, tarixin də iddiası və arzusudur. Buraya rəsmi, kinonu, musiqini də əlavə edə bilərik. Onlarla ortaq yöndə Dünya ədəbiyyatı “bütünə” olan arzunun ifadə şəklidir. Hegel-Lukas kimi ifadə etsək, gözlənilən insanı paramparça etmiş bu toplumlarda yenidən itmiş bütünləşmənin, birlikdəliyin axtarışı, hətta yaratma çabasıdır. Bihudə bir axtarışdırmı bu? İnsanlığın gələcəyi bəlkə də paramparça olması ilə iç-içədir. Necə ki dünyanın genişlənib parçalanacağı ehtimalı var. Amma bu dağılma içində bütünləşmə axtarışı da boş bir xəyal deyildir. Fizikaya nəzər salsaq, Nyuton həqiqəti üzə çıxardı, amma əskikdi, Eynşteyn həqiqəti tapdı, amma yenə az idi, kvantçılar tapdıqları həqiqətləri təqdim etdilər, amma yenə az qaldı. Hər biri eyni məsələnin müxtəlif həllini tapdılar. İndi fizikada bu tapılan həqiqətlərin bütöv bir teoremi axtarılır. Həqiqəti bütöv şəkildə ifadə edən. Stefan Havkinq də ölmədən öncə bu teoremi dilə gətirən mətnlər yazdı. Bəlkə də bu qədər bədbin olmağa dəyməz. Kim bilir, ədəbiyyatın da bütövləşmə arzusu, bu yolda sərf etdiyi zaman bir gün özünü doğrulda bilər.
Dünya ədəbiyyatını bir ailə kimi fkirləşəndə daha real görünür. Ailə, bənzərlərin deyil, bənzər olmayanların birliyidir. Fərqli yaş, fərqli cinsiyyət, fərqli boy, fərqli çəki və fərqli xarakterlərin birgə yaşamasıdır. Tək ortaqlıqları eyni dili danışmalarıdır. Ədəbiyyat da eyni dili danışan (roman dili), bunun xaricindəki bütün şeyləri (sosiologiyanı, tarixi, fəlsəfəni, digər janrları, gözləntiləri, qayğıları) fərqli çeşidlərlə eyni mövqeyə yığa bilir. Fərqlilikləri vurğulanan bu müstəvi beynəlmiləl bazarın cansıxıcı, standart və bəlli bir mövzulara dayanan zehniyyətinin aşılmasına da yardım edəcək. Bütünlük, fərqliliklərin azadlıqları ilə mümkündür. Bunu örnək almayan Dünya ədəbiyyatı bazar məhsullarının bir hissəsinə çevrilə bilər və Qərb mövqelərini aşmaq arzusunda olarkən, onun bütün kürəyə yayılmasına səbəb ola bilər. Həqiqi bütünlük rahatlıq verən, amma narahatlığı da diri tutan bir mərhələdir. Çünki hərəkətin və dəyişikliyin təməl qayda olduğu bu kainatda qalıcı rahatlıq sığortalı deyildir.
Dünya ədəbiyyatı müxtəlif əhvalların toplamından daha irəli keçərək yeni bir xüsusiyyətin, yeni bir mühakimə metodunun yaranma səsi ola bilər. Əks təqdirdə müxtəlif ölkələrin milli ədəbiyyatı Avropa ədəbiyyatının kənarındakı çəpərlər olmaqdan və həmişə bəşəriliyə can atacaq bir nəsnə kimi qalmaqdan can qurtara bilməyəcək. Yaxşılıq və pislik arasındakı düçüncədə bəzən Dünya ədəbiyyatı fərqli dillərə tərcümə olunan milli ədəbiyyatlar toplusu kimi, bəzən də fərqli coğrafiya və mədəniyyətlərin toplusu kimi anılacaq. Anlayışlar arasındakı bu cür fərqli müzakirə nüanslarının yaranması, əslində, Dünya ədəbiyyatının tam olaraq nəyi ifadə etdiyini hələ də heç kimin anlamamasıdır. Əvvəldə də qeyd olunduğu kimi, bu ifadənin sözləri (Dünya və Ədəbiyyat) belə konkret qarşısında mövqesiz və dəyişkən halda ikən, müzakirələrin bilinməz bir məcra alması ədəbiyyatın hər gün inkişafına və dəyişkənliyinə sübutdur. Bu müzakirələrdə gözlənilən nəticə konkret bir teorem və ya ortaq mühakimə deyil, dərinləşən baxışların xüsusiyyətlərini fikir alış-verişi şəklinə gətirməkdi. Höte kimi ədəbiyyatçıların, Marks və Engels kimi fikir adamlarının iki yüz il əvvəl Dünya ədəbiyyatını müjdələməsi erkən bir iddia kimi görünür, amma uzaqdakı gələcəyi işarə etdikləri də aşkardı. Bütün bunlara baxmayaraq bir imkan var. Bu imkan isə insanların (oxucuların, yazıçıların, naşirlərin) çabası və bilikləri ilə mümkündür. Yoxsa, sadəcə bir gözlənti olaraq qalacaq. İndi o mərhələdəyik.
Böyük hərflərlə başlayan “Dünya Ədəbiyyatı” gündəlik yaşamımızdakı çeşitliliyin qalıcılığından dolayı bir növ imkansız görünür, çünki ortaq bir dil və mövqe yaradılmır. Digər bir anlamda isə populyar mədəniyyətin bəşəriləşməsi və sözü gedən mövhumun kiçik hərflərlə “dünya ədəbiyyatı” adını alması onsuz da gerçəkləşmiş kimidir. Kökü keçmişə dayanan bu gerçəklik dillərin zənginləşib sürətli yeniləşməsindən, toplumlar arasında rabitələrin qurulmasından və oxucuların şüurunun bəşəri xüsusiyyətlərə yiyələnməsindən sonra mümkün ola bilər.