Logo

“Şikayət yazdığım üçün barəmdə cinayət işi başladıldı” - Bağça müdiri

26.09.2022 17:47 391 baxış
IMG

Şirvan şəhəri, 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının keçmiş müdiri Elmira Səfərova barəsində sifarişli cinayət işi başladıldığını iddia edir.

"Qafqazinfo"ya müraciət edən vətəndaş bildirib ki, 2022-ci ilin iyununda Baş prokurora Şirvan şəhər bağçalarında kütləvi pozuntularla bağlı şikayət ərizəsi göndərib. O, Şirvanda bir sıra vəzifəli şəxslərin qanunsuz əməllərə yol verməsi ilə bağlı araşdırma aparılmasını xahiş edib: “İcra Hakimiyyətinin sektor müdiri-baş mühasib Həzi Qasımov, Şirvan-Salyan Regional Təhsil İdarəsini müdir müavini Rövşən Allahverdiyev, 13 saylı məktəbin direktoru Aynurə Rzayevanın qanunsuz əməllərini bilirdim. Onların əməllərinə qiymət verilməli üçün Baş Prokurorluğa müraciət etdim. Lakin şikayətim araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə deyil, Şirvan Şəhər Prokurorluğuna göndərildi. Şikayətim ora daxil olduqdan 1 ay sonra müdiri olduğum Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasına Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən guya yoxlama aktı tərtib olundu və adıçəkilən şəxslərin sifarişi ilə həmin akt əsasında Şirvan Şəhər Prokurorluğunda barəmdə cinayət işi başlanıldı. Görünən odur ki, mənim şikayətimin araşdırılmasına mane olublar, sonra da barəmdə israf etmə ilə bağlı cinayət işi başlanılmasına nail olublar”.

E.Səfərova Baş prokuror tərəfindən Şirvanda keçirilən vətəndaş qəbulu zamanı birbaşa müraciət etdiyini qeyd edib: “Bir daha vurğulayıram ki, ilk əvvəl geniş şikayət ərizəsi ilə müraciət etdim, müraciətim araşdırılmadı, sonrakı 1-2 ay müddət ərzində isə özüm işdən çıxarıldım və şikayətlərimə son qoymaq üçün təsir vasitəsi kimi barəmdə Şirvan Şəhər Prokurorluğunda cinayət işinin başlanılması təşkil olundu. Hesab edirəm ki, həm şikayətimin, həm barəmdə sifarişlə başlanılmış cinayət işinin Şirvan Şəhər Prokurorluğunda hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilə bilmədiyindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməlidir”.

Məsələ ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətdindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında 15.09.2021-ci il tarixdən 30.06.2022-ci il tarixə qədər yol verilmiş israf etmə faktları əsasında şəhər prokurorluğunda 03.08.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb: “İstintaq olunan cinayət işi üzrə çoxsaylı şahidlərin dairəsi müəyyən edilərək ifadələri alınıb, müvafiq ekspertizalar təyin edilib və cinayət törətmiş şəxsin müəyyən edilməsi üçün digər zəruri istintaq hərəkətləri icra edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

Amin Nəzərli

 


Xəbər lenti