Logo

Bakıda Avropa Dillər Günü qeyd olunub

26.09.2022 19:29 92 baxış
IMG

Azərbaycan Dillər Universitetində Avropa Dillər Gününə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə universitetin rektoru Kamal Abdulla, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və Aİ-yə üzv bir sıra ölkələrin səfirləri iştirak ediblər.

"Sevindirici haldır ki, bu günü Azərbaycanda qeyd edirik. Ölkəmiz tarixən Şərq və Qərb arasında körpü rolunu oynayıb. Azərbaycan multikultural dəyərlərə malik ölkədir, Azərbaycan Prezidenti İlham Əliyev bunu dəfələrlə vurğulayıb", - universitetin rektoru K. Abdulla deyib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko öz növbəsində bildirib ki, yeni xarici dillərin öyrənilməsi həmin dillərin danışıldığı ölkələrin mədəniyyətini daha yaxşı anlamağa kömək edir.

"Aİ-də adətən bir neçə dildə danışılsa da, onun sakinləri hələ də yeni dilləri öyrənməyə və qavramağa çalışırlar. Şübhəsiz ki, biz dillər və ədəbiyyat vasitəsilə digər ölkələrin mədəniyyətini öyrənir, həmçinin ünsiyyət qururuq. Hansı dildə danışmağınızdan asılı olmayaraq, əsas məsələ humanizm və sülh mesajı verməkdir. Qeyd etdiyimiz günün də məqsədi məhz budur”, - P.Mixalko bildirib.

Xatırladaq ki, dil müxtəlifliyini, dünyada müxtəlif dillərin tədrisini və öyrənilməsini dəstəkləmək məqsədi ilə 2001-ci ildən etibarən hər il sentyabrın 26-da Avropa Dillər Günü qeyd olunur.

Xəbər lenti