Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Xatirələrdə əbədiləşən qəhraman şəhidlərimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda şəhid ailəsi üzvləri, qazilər, MDU-nun İctimai Nəzarət Şurasının nümayəndələri, universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.
Əvvəlcə, Mingəçevir Şəhidlər Xiyabanı ziyarət edilib və qəhrəman şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Konfrans Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Universitetin şəhid məzunları haqqında videoçarx nümayiş olunduqdan sonra MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə konfransı açıb.
Şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-nin ölkədə Anım Günü kimi qeyd edilməsindən bəhs edən Ş.Bayramov bildirib ki, xalqımız öz qəhrəmanlarını daim sonsuz minnətdarlıq və böyük qürur hissləri ilə anır. Bu gün müstəqil, ərazi bütövlüyü təmin olunmuş ölkədə yaşadığımıza görə canını Vətən yolunda qurban verən övladlara borclu olduğumuzu vurğulayan rektor Allahdan şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
Rektor 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimizin cəsur əsgər və zabitlərinin misilsiz şücaət göstərdiklərini və qəhrəmanlıq salnaməsi yazdıqlarını vurğulayıb. O, qeyd edib ki, tarixi Zəfərin qazanılması ilə Ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi və onların qəhrəmanlıqlarının təbliğ edilməsi baxımından konfransın önəmindən danışan rektor Vətən müharibəsində igidlik göstərmiş MDU-nun bir qrup əməkdaş, tələbə və məzunlarını konfrans iştirakçılarına təqdim edib. Şəhid ailəsi üzvlərinin də konfransa qatıldığını xüsusi vurğulayan Ş.Bayramov Vətənə, dövlətə və xalqa layiqli övladlar yetişdirdikləri üçün onlara dərin ehtiramını bildirib.
44 günlük Vətən müharibəsinin müasir və müstəqil Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirən YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev məhz şəhidlərimizin canı və qanı bahasına 30 illik yurd həsrətinə son qoyulduğunu diqqətə çatdırıb.
Tarixi qələbənin əldə edilməsində xalq, dövlət və ordu birliyinin həlledici önəmindən danışan B.Mustafayev şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, MDU-da şəhid məzunların adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyətlərdən məmnunluğunu ifadə edib.
Sonra, MDU-nun şəhid məzunları Kənan Abdullayevin anası Azadə Abdullayeva və Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Vətən müharibəsində göstərdiyi şücaətə görə “Azərbaycan bayrağı” odreni ilə təltif edilən və hazırda MDU-da təhsil alan Elnur Salahov keçdiyi şərəfli döyüş yolu ilə bağlı təəssüratlarını bölüşüb.
MDU-da təhsil alan Elnur Salahov keçdiyi şərəfli döyüş yolu ilə bağlı təəssüratlarını bölüşüb.
Daha sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun akademik heyət üzvlərindən Gülər Əjdərzadə “Sərkərdəlik istedadı və davamlı qələbələrə zəmanət verən misilsiz cəsarət”, Asim Məmmədov “Vətən müharibəsinin mülki qurbanlarını unutmayaq, unutdurmayaq”, Ceyran Vəliyeva “Qəhrəmanlıq nümunələrinin şüurumuzda həkk olunmuş ədəbi obrazları” və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova “Şəhidlik və mübarizlik əbədiyyətə aparan müqəddəs yol kimi” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, konfrans “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub.