Lənkəran Dövlət Universitetində (LDU) 27 Sentyabr - Anım Gününə həsr olunmuş konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndiriliməsi ilə başlayıb.
Torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda keçirilən konfransda çıxış edən LDU-nun rektoru, professor Natiq İbrahimov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin əhəmiyyətindən, igid oğullarımızın şucaətindən söz açıb.
Bildirib ki, şəhid oğullarımızın qanı bahasına qazanılan Zəfər 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızı bizə qaytarmaqla yanaşı, həm də xalqımıza baş ucalığı gətirib, şəhid ağrılarımıza təsəlli olub. LDU-da gənclərin vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən rektor tələbələrin vətənpərvərlik hisslərinin yüksək olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 11 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini bildirib.
Çıxışını prezident İlham Əliyevin "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq" sözləri ilə bitirən prof. Natiq İbrahimov şəhidlərin xatirəsinin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini, əbədi yaşayacağını xüsusi vurğulayıb.
"Tarix və onun tədrisi metodikası" kafedrasının baş müəllimi, tar.ü.f.d. Mayis Cəfərov mövzu ilə bağlı geniş məruzə edib. Məruzədə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbədən, həmin dövrdə ölkədə yaşanan böyük vətənpərvərlik ab-havasından, qələbənin əhəmiyyətindən, ordumuzun misilsiz döyüş taktikasından danışılıb.
“Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrasının müdiri, əslən Füzuli rayonundan olan ped.ü.f.d. dosent Afiq Əliyev çıxışında şəhid eloğlularımızın böyük hünərindən söz açıb, torpaqlarımızı azad edərkən şəhidlik zirvəsinə ucalan igidləri bütün xalqın baş tacı adlandırıb.
Konfrans 27 Sentyabr - Anım Gününə həsr olunan video-roliklə başa çatıb.
Qeyd edək ki, bu gün universitet rəhbərliyi şəhidlərin məzarlarını ziyarət edib.