Bu günlərdə Azərbaycan xalqı böyük qürur hissi ilə şanlı qələbəsinin başlanğıcını və bu qələbəni bizə qazandıran qəhrəman vətən oğullarını, şəhidlərimizi anır.
Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ni işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Lakin bəlli oldu ki, Ermənistan, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Belə olan halda Azərbaycan işğalla barışa bilməzdi və barışmadı da.
Ötən müddət ərzində ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyükmiqyaslı işlər gördü, sağlam təməllər yaratdı. Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan edərək bu istiqamətdə davamlı tədbirlərin icrasını təmin etdi. Azərbaycan iqtisadi və hərbi sahədə regionun lider ölkəsinə çevirildi.
2020-ci ilin iyul və avqust aylarında Ermənistan təxribatlara əl atdı, lakin Azərbaycan Ordusu bu təxribatların qarşısını qətiyyətlə aldı. 2020-ci il sentyabrın 27-də isə Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin proloqunu, müjsədini təşkil edirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl, 9-da Hadrud qəsəbəsi, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa şəhəri müzəffər Azərbaycan əsgəri tərəfindən işğaldan azad edildi.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə “Zəfər günü”, 27 sentyabr isə zəfəri bizə yaşadan müqəddəs şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz “Anım günü” kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi.
Ermənistan hərbi birləşmələrinin 4 il ərzində hissə-hissə işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq bu ərazilərdə güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi və Azərbaycan ərazi bütövlüyü bərpa olundu.
Hərbi qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci ilin 26 avqustunda isə Laçın dəhlizinin tərkibində qalan Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan tərəfindən azad olundu.
Təbii ki, böyük zəfərlər böyük qurbanlar tələb edir. 44 günlük savaşda 2907 nəfər igidimiz şəhadət zirvəsinə ucaldı. Biz onların əziz xatirəsini daim yaşadacağıq.
44 günlük müharibədə cəsur və bir yumruq kimi birləşmiş Azərbaycan xalqının hər bir təbəqəsinin nümayəndəsi bir nəfər kimi iştirak elədi. Dünyaya əsl bərabərlik, vətəndaşlıq nümunəsi sərgilədilər. Bunların içində o zamana qədər qələmlə döyüşən müəllimlərimiz, təhsil işçiləri də yer alırdı. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, Vətən müharibəsində 700-dək təhsil işçisi böyük qəhrəmanlıqla döyüşübvə müharibə zamanı 20 nəfər təhsil işçisi şəhid olub.
Qeyd etmək istərdik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və məzunları arasında da Vətən müharibəsində iştirak edən yetərincə qəhrəman müəllimlərimiz düşmənə vətən dərsi keçdilər. Belə ki, Vətən müharibəsində ADPU-nun 200 nəfərdən çox tələbə və məzunu iştirak etmiş, onlardan 13 nəfəri, habelə Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova şəhidlik zirvəsinə yüksəlmişdir. Qazilərimiz və şəhidlərimiz arasında “Zəfər” ordeni və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilənlər də var. Eyni zamanda, cari ilin 12-13 sentyabrında Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən şəhadətə yüksələn 80 nəfər mərd vətən övladları arasında da vaxtilə ADPU-nun Ağcabədi filialında təhsil almış Namiq Məmmədli də var.
Onu da diqqətə çatdırmaq lazımdır ki, hazırda universitetdə təhsil alan tələbələrimiz arasında da qazilərimiz və şəhid ailələrinin üzvləri yetəri qədərdir. Universitet bu tələbələrimizi xüsusi diqqətdə saxlayır, onlarla müntəzəm görüşlər keçirir, təhsilləri və digər qayğıları ilə maraqlanırlar. O cümlədən, bu il Pedaqoji Universiteti seçən Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizə ilə dərs ilinin başlanğıcında universitet rəhbərliyinin görüşü keçirilib. Şəhid tələbə-məzunlarımızın ailələri müntəzəm ziyarət olunur. Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin könüllüləri və tələbələrimiz tərəfindən şəhidlərimiz haqqında vikipediyada məqalələr yaradılıb, universitetdə interaktiv monitorlarda şəhidlərlə bağlı videoçarxların nümayişi təmin edilib. Şöbə əməkdaşları tərəfindən ADPU-nun 100 illiyi çərçivəsində “Pedaqoji Universitetin Qəhrəmanları” ensiklopedik toplusu hazırlanaraq nəşr edilib və s.
Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib və ən əsası Vətənə sonsuz məhəbbətlə uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya isbat edib.
Məhz Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb və Zəngəzur dəhlizi yaxın müddətdə tarixi reallığa çevriləcək.
2021-ci il iyulun 7-də imzalanmış daha bir tarixi sənəd - “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Vətən müharibəsinin əsas nəticələrindən biridir. Bu Fərmanla tarixi ədalət bərpa olundu və Şərqi Zəngəzu və Qarabağ iqtisadi rayonları yaradıldı. Beləliklə, SSRİ dövründə Azərbaycan xalqının üzləşdiyi daha bir tarixi ədalətsizliyi Prezident İlham Əliyev aradan qaldırdı: “…1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi… Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi”.
Tezlikdə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Hazırda bu yerlər böyük quruculuq və bərpa dövrünü yaşayır və böyük qayıdışa başlanılıb. İki il əvvəl Zəngilanı azad edən müəllimlərimiz bu geb Zəngilanın Ağalı kəndində qələbənin övladlarına zəfər tarixini öyrədirlər.
Bu ilin sentyabr ayının ortalarında düşmənin son təxribatlarının qarşısını da qətiyyətlə alan Azərbaycan bir daha göstərdi ki, ömürdən pay ola bilər, amma Vətəndən pay olmur! Yaşasın Azərbaycan! Yaşasın Ali baş Komandan! Qarabağ Azərbaycandır!
Taleh MİRZƏYEV,
ADPU-nun redaktoru