Logo

Pedaqoji Universitet gəncləri Vətən və informasiya müharibəsində

27.09.2022 17:29 410 baxış
IMG

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir. Azərbaycanın Silahlı Qüvvələri 2 il öncə sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirərək mənfur düşməni diz çökdürdü, şanlı zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Ötən hər gün bizi vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı və qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.

Biz düz 30 il ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük qələbənin sevincini yaşadıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 13 tələbə və məzunu da 44 günlük Vətən müharibəsində öz qanları ilə tarixi zəfərə imza atmış şəhid yetirmələrimizdir: Arəstə Baxışova, Firdovsi Tahirov, Orxan Nəbiyev, Elgün Əzizov, Rəvan Lətifov, Ceyhun Nüsrətli, Qoşqar Ömərov, Ağaqardaş Abbasov, İlkin Ağaquliyev, Etiram Hüseynli, Cilingir Nəbiyev, Elvin Zakirov, Əli Ələsov. Bunlardan Firdovsi Tahirov, və Orxan Nəbiyev “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş igid qəhrəmanlarımızdandır.

2021-ci ildə Universitetin Tələbələrlə iş və ictimaiyyətlə əlaqlər şöbəsinin təşəbbüsü ilə şəhidlər haqqında Vikipediyada məqalələr hazırlanmış, həmçinin müxtəlif illərdə ADPU-da təhsil alan və II Dünya müharibəsi, I Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində şəhid və ya qazi olan, xüsusi qəhrəmanlıq göstərən tələbə-məzunlarımızın xatirəsinə həsr olunmuş “Pedaqoji Universitetin Qəhrəmanları” kitabı hazırlanaraq işıq üzü görmüşdür. Kitab qazilərə və şəhidlərin ailələrinə, müxtəlif dövlət və ictimai qurumlara, kitabxanalara hədiyyə edilmişdir.

Vətən müharibəsi günlərində gənclərimizin əksəriyyəti kimi, ADPU-nun tələbələri də öz xüsusi aktivlikləri ilə fərqlənmiş,  arxa cəbhədə informasiya müharibəsinin bilavasitə iştirakçısı olmuşlar. Sosial şəbəkələr üzərindən düşmənin təbliğat kampaniyalarına zamanında və layiqli cavablar verilmişdir. Bütün bu proseslərin təşkilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən formal və qeyri-formal  ictimai birliklər, o cümlədən universitetin tələbə təşkilatları xüsusilə fərqlənmişlər. Hələ Vətən müharibəsi başlamazdan əvvəl 2020-ci ilin iyul ayında Tovuz döyüşləri ərəfəsində ADPU rəhbərliyinin dəstəyi, Tələbələrlə iş və ictimaiyyətlə əlaqlər şöbəsinin və  tələbə təşkilatlarının təşəbbüsü ilə universitetin fəal tələbələrindən ibarət “ADPU İNFO VAR TEAM” adlı könüllü işçi qrup fəaliyyət göstərməyə başlamışdır. Könüllü işçi qrup öz koordinasiyalı fəaliyyət sistemi ilə mütəmadi olaraq müxtəlif sosial şəbəkələr vasitəsilə (xüsusilə Tvitter) Azərbaycan həqiqətlərinin və Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasının dünya ictimaiyyətinə çatdırılmasına səy göstərmişdir.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və bir çox dövlət orqanlarının paylaşımlarına istinad edərək düşmən mediasının saxta məlumatlarının yayılmasının qarşısı alınmışdır. Bu və digər gənclər komandalarının fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri ilə bağlı paylaşımlar dəfələrlə dünya və ölkə trendlərinə çıxmışdır.

Vətən müharibəsi başa çatdıqdan sonra da şəhid ailələri və qazilərimiz ali təhsil müəssisəsini  rəhbərliyinin xüsusi diqqəti ilə əhatə olunmuşdur.

Ötən 2 il ərzində ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin bir sıra Vətən müharibəsi qaziləri və müharibə iştirakçıları ilə görüşmüşdür. Tələbələrlə iş və ictimaiyyətlə əlaqlər şöbəsinin əməkdaşları tərəfindən şəhid-məzun Ağaqardaş Abbasovun ailəsi, Məzun-koordinasiya bölməsi və Kimya və biologiya fakültəsinin nümayəndələri tərəfindən şəhid-məzunlar Firdovsi Tahirov və Ceyhun Nüsrətlinin məzarı, ADPU və ADPU-nun Şamaxı filialının Gənclər Birliklərinin nümayəndələri tərəfindən şəhid-məzun Orxan Nəbiyevin ailəsi, ADPU TGT-nin nümayəndələri tərəfindən şəhid-məzun Arəstə Baxışovanın ailəsi ziyarət olunmuşdur. Tələbələrlə iş və ictimaiyyətlə əlaqlər şöbəsinin təşəbbüsü ilə universitet daxilində quraşdırılmış interaktiv monitorlarda I Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olan qəhrəmanların fotoları nümayiş olunmuşdur. Filologiya fakültəsinin foyesində silsilə tədbirlərin davamı olaraq Vətən müharibəsindəki tarixi qələbəmizi özündə əks etdirən möhtəşəm “Zəfər Günü” stendi yaradılmış, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində II Qarabağ müharibəsində şəhid olmuş məzunların xatirəsini əbədiləşdirmək məqsədi ilə “Qəhrəmanlıq Zirvəsi” auditoriyası açılmış, İncəsənət və fiziki tərbiyə fakültəsində “Şuşa İli” çərçivəsində 44 günlük Vətən müharibəsinə həsr edilmiş qorelyefin açılışı olmuşdur. Qorelyefin müəllifi Təsviri incəsənət müəllimliyi ixtisası üzrə lll kurs tələbəsi Pərviz Mahmudovdur. 

Ümumilikdə Azərbaycan Dövlət Pedaqoji Universitetində 2021-ci ildə 27 Sentyabr - Anım Günü və 8 Noyabr - Zəfər Günü ilə bağlı 44 gün ərzində 50-ə yaxın tədbir, görüş, müsabiqə və dəyirmi masalar həyata keçirilmişdir. 

Mənfur düşmən öz acınacaqlı məğlubiyyətindən dərs almayaraq revanşist siyasətini davam etdirməkdən hələ də əl çəkmiş deyil. Son olaraq bu ilin sentyabrın ayının 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədiblər. Şübhəsiz ki, bütün bu təxribatlara rəşadətli Azərbaycan Ordusu tərəfindən müvəffəqiyyətlə cavab verildi. Genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan 80 hərbi qulluqçumuz arasında 2013-2017-ci illərdə ADPU Ağcabədi filialının tələbəsi olmuş Namiq Məmmədli də var.

Cənab Prezidentin də artıq dəfələrlə vurğuladığı kimi biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. Uzun illər sürən işğala son qoyduq. Bu qələbəni bizə qazandıran igid oğullarımız, şəhidlərimiz, qazilərimiz və neçə-neçə qəhrəmanlarımız oldu. Bizə bu tarixi zəfəri yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailələrinin qarşısında baş əyir, qazilərimizə isə uzun ömür və can sağlığı arzu edirəm.

2020-ci ilə qədər 20%ə yaxın torpaqlarımızın işğal tarixlərini öyrənən biz gənc müəllimlər artıq gələcək nəsillərə zəfər tariximizi və bizə bu əvəzolunmaz anları yaşadan qəhrəmanları, sarsılmayan "Dəmir Yumruğu" öyrədəcəyik.

İsmayıl NƏSİROV
ADPU-nun magistrantı, ictimai fəal

Xəbər lenti