Logo

FHN-in Akademiyasında Anım Günü ilə əlaqədar tədbir keçirilib - FOTO

27.09.2022 17:44 98 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Əvvəlcə, tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı və cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı. B.Salayev bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu Qələbə ilə Azərbaycan xalqı misli görünməmiş şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev böyük Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkə başçısı tərəfindən həyata keçirilən düşünülmüş və uzaqgörən siyasətin, vaxtında atılan müdrik addımların nəticəsidir ki, biz bu gün qalib ölkəyik. O, qeyd edib ki, Qələbəni xalq, lider və ordu birliyi qazandı. Bu dövrdə xalqın hər bir nümayəndəsi Orduya öz töhfəsini verdi. O, gənclərin də üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırıb, 44 günlük savaşda gənclərin rolunun həlledici xarakter daşıdığını diqqətə çatdırıb.

Sonra Akademiyanın “Həyat fəaliyyətinin təhlükəsizliyi” fakültəsinin III kurs kursantı Cəsur İsgəndərli Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan Zəfərdən, Azərbaycan xalqının birliyindən, Ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən danışıb.

Tədbir zamanı böyük Zəfərə həsr olunan videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Anım Günü saat 12:00-da Akademiyanın ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xəbər lenti