Logo

Mədəniyyət və İncəsənət Universitetində şəhidlərin xatirəsi anılıb - FOTO

28.09.2022 10:15 364 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Anım Günün təsis edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Vətən müharibəsində ADMİU-nun 50-dən çox nümayəndəsi iştirak edib və şərəflə döyüşüb. Onlar arasında əməkdaşlar, tələbələr və məzunlar var. Universitetin üç məzunu şəhidlik zirvəsinə ucalıb: “Universitetimiz həm Vətən müharibəsində, həm də sonrakı dövrdə hər zaman şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarımıza diqqətini əsirgəməyib. Biz onların hər biri ilə fəxr edir, şəhidlərimizin xatirəsini hər zaman ehtiramla anırıq. Təkcə sentyabrın 27-də deyil, hər zaman onları yad edir, xatirəsini qəlbimizdə əbədi yaşadırıq. Eləcə də Vətən müharibəsi iştirakçılarımızla, qazilərimizlə qürur duyuruq. Bu universitet onların evi, doğma ocağıdır və qapılarımız onların üzünə daim açıqdır. Biz hər zaman onların yanındayıq. Əminik ki, dövlətimizin başçısının müdrik rəhbərliyi ilə biz sülhə nail olacağıq”.

Tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı çıxışında bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının birliyinin təcəssümüdür: “Bu Qələbə ilə bir daha sübut olundu ki, xalqımız vətənpərvər və yenilməzdir. Biz torpaqlarımızın düşmən tapdağında olması ilə heç zaman barışmadıq və Qələbəyə nail olduq. Müharibədə bütün xalqımız iştirak edirdi. Doğrudur, bu Qələbə bizə şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına başa gəldi. Ancaq onlar müqəddəs amal uğrunda döyüşə getdilər. Həm öz adlarını, həm də xalqımızın adını tarixə yazdılar”.

ADMİU-nun kafedra müdiri, Əməkdar incəsənət xadimi Əli Əmirli 44 gün davam edən müharibənin sonunda qazanılan qələbənin Azərbaycan xalqına yaşatdığı sevincdən danışıb: “Birlik olan yerdə dirilik var. Sentyabrın 27-si Anım Günü olsa da, Azərbaycan xalqının ən şanlı səhifələrindən biridir. Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalması bizin qəddimizi əymişdi. Başqa millətlərin gözünə dik baxa bilmirdik. 44 günlük müharibə nəticəsində biz torpaqlarımızı azad etdik. Bu gün biz qüdrətli ölkə kimi bütün dünyada tanınırıq. Uzun illərdən sonra tariximizdə ilk dəfə qələbənin dadını bildik, itirdiyimiz torpaqları azad etməyi bacardıq. Bu, Azərbaycan əsgərinin qələbəsidir”.

ADMİU-nun kafedra müdiri, Əməkdar artist Azad Şükürov çıxışında vurğulayıb ki, bu müharibə iqtidar-xalq-ordu birliyinin ən gözəl nümunəsi idi: “Müharibə zamanı dəfələrlə cəbhə xəttində əsgərlərimizlə görüşdüm. Mən onların gözlərindəki qələbə əzmini, düşmənə nifrəti, vətənə sonsuz məhəbbəti görürdüm. Bu o gənclər idi ki, yeri gəlsə, vaxtilə biz onları bəyənmir, vətənpərvərlik hissindən uzaq hesab edirdik. Ancaq məhz o gənclər bizə vətəni sevməyin, qorumağın nə olduğunu göstərdilər. Mən onların hər biri ilə fəxr edir, qarşılarında baş əyirəm”.

Daha sonra söz ADMİU-nun Vətən müharibəsi iştirakçılarına verilib. Vətən müharibəsi qazisi, ADMİU-nun Mülki Müdafiə Qərargahının mütəxəssisi Arif Hüseyn, qazi teatrşünas Dağlar Yusifov və başqaları çıxış edərək müharibə xatirələrini bölüşüblər.

Sonda ADMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədov Anım Gününün önəmindən danışıb və universitet adından mükafatları qazilərə təqdim edib.

Xəbər lenti